Amerikalı qubernatorun Qarabağa səfərinin böyük siyasi əhəmiyyəti var
Məlum olduğu kimi Prezident İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə amerikalı qubernatorun Azərbaycana səfərinin əhəmiyyətinə toxunulub. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Ölkəmizin Amerikanın ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə əməkdaşlığından məmnunluq ifadə olunub.
Bununla yanaşı, Stittin Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirib. Qubernator Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyini, bu əməkdaşlığın daha geniş tərəfdaşlıq formatına çevrildiyini vurğulayıb. Söhbət zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları məmnunluqla qeyd edilib. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər “Şərq”ə açıqlamasında deyib ki, diplomatların səfərləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin Ermənistan torpaqları olmamasının əyani sübutudur və təsdiqidir. Gənc fəalın sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan 90 faiz dəstəyindən məhrum qalıb:
“Əsasən də Qərb ölkələri, xüsusən ABŞ və əksər Avropa dövlətləri Azərbaycanın haqlı savaşını müdafiə edir. Ən azından Ermənistana əvvəlki açıq dəstəyi müşahidə etmirik. Bir sıra Qərb ölkələrinin təmsilçilərinin Qarabağa səfəri prosesin Azərbaycanın lehinə dəyişməsinin bariz nümunəsidir. Bu baxımdan amerikalı qubernatorun Zəngilana getmək istəməsi də Vaşinqtonun önəmli mesajı sayıla bilər.
Şübhəsiz, bu kimi səfərlər Ermənistanı hiddətləndirəcək.
Xarici ölkə nümayəndələrinin Qarabağa getməsinin vacib nüanslarından biri də erməni vandalizminin ifşa olmasıdır. İndiyə qədər işğaldan azad edilmiş ərazilərimizə səfər edən qonaqların hamısı 30 illik erməni vəhşiliyini öz gözləri ilə görüblər. Bu, çox mühüm təbliğat vasitəsidir. Ermənistanın işğalçılıq siyasətinin, təcavüzünün dünya ictimaiyyətinə çatdırılmasıdır”.