Üçüncü qüvvəni prosesə qoşmaq cəhdləri var

İrəvan buna görə açıq şəkildə sərhəd danışıqlarından imtina edir


“Ermənistan daim üçüncü tərəfləri Ermənistan-Azərbaycan arasındakı sərhəd məsələlərinə cəlb etməyə çalışıb”. Bunu Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. Analitik bildirib ki, 2020-ci ilin iyulunda iki ölkənin dövlət sərhədində törədilmiş təxribat bu məqsədlərə xidmət edir:

“Dövlət sərhədində təxribatlar törətməklə Ermənistan eyni xətti inkişaf etdirməyə çalışır. Ermənistan tərəfindən açıq şəkildə iki ölkənin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlardan imtina edilir.

Təxribatlar törətməklə Ermənistan hər bir vəchlə delimitasiya məsələlərini arxa plana keçirməyə cəhd göstərir. Ermənistanın müəyyən xarici dairələr tərəfindən qızışdırılması halları da istisna deyil. Nəzərə almaq lazımdır ki, Rusiyanın təşəbbüsü ilə Moskvada sərhəd məsələləri üzrə görüşlərin keçirildiyi ərəfədə iki ölkənin sərhədində bu təxribat baş verir”. 

T.İsmayılov vurğulayıb ki, son dövrlərdə Fransanın Ermənistandakı səfirinin “münaqişə hələ bitməyib”, “status məsələsinə baxılmalıdır” kimi bəyanatları Ermənistandakı revanşist qüvvələri yenidən cəsarətləndirir:

“ABŞ-ın Ermənistandakı səfirinin iki ölkənin sərhədyanı ərazisinə səfərini çox güman ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi siyasi dəstək kimi qəbul edib. Paşinyanın seçkilərdən əvvəl bəyan etdiyi kimi, Ermənistan bu yollarla əcnəbi silahlı qüvvələri Ermənistan ərazisinə yerləşdirmək üçün zəmin yaradır. Bu isə həm də Rusiyaya qarşı addımdır”.