Atəşkəs olduqca kövrəkdir

Qarabağda əməliyyatların şahidi ola bilərik

Moskvada masa qurulana qədər sərhəd xətti boyunca toqquşmalar davam edəcək


“Hadisələrin inkişafı göstərir ki, Azərbaycan Rusiyanın vasitəçiliyi ilə yeni sərhəd müqaviləsinin imzalanması üzərində razılıq əldə edib. Mümkündür ki, Moskvada üçtərəfli görüşə hazırlıq gedir”. Bunu siyasi şərhçi, tanınmış jurnalist Asif Nərimanlı deyib. Analitik bildirib ki, Azərbaycan və Rusiya liderlərinin görüşündən sonra Putin Paşinyanla telefon görüşməsində Bakının şərtlərini ona çatdırıb: “Gündəliyin təqdim edilməsindən dərhal sonra Kəlbəcər istiqamətində hücuma keçən Ermənistan masaya əyləşmədən öncə üç hədəfə nail olmaq istəyir.

Birincisi, Moskvanın neytral qalacağını bildiyi halda dövlət sərhədində toqquşma yaratmaqla Rusiyanın Ermənistan qarşısındakı “müdafiə öhdəliyini” gündəmə gətirir. Bunun qarşılığında masada rusların dəstəyini qazanmağa çalışır. Deyir ki, “öhdəliyini yerinə yetirmirsənsə, sərhədlərin delimitasiyasında dəstək ver”. İkincisi, toqquşmalarla Rusiya hərbçilərinin indi bölgəyə girişinə və rusların əli ilə Azərbaycan Ordusunun mövqelərdən geri çəkilməsinə nail olmağa çalışır. Üçüncüsü isə daxili auditoriyada zəmin hazırlanır. Paşinyan anlayır ki, sərhəd müqaviləsini imzalamalıdır. Öncə toqquşmalar yaratmaqla, itkilər verməklə erməni cəmiyyətinə “anlaşmasaq, yeni müharibə ola bilər” düşüncəsini çatdırmaq niyyəti güdür”. 

A.Nərimanlı vurğulayıb ki, Azərbaycanın 23 iyuldan başlanan erməni təxribatına qarşı gördüyü cavab tədbirləri Bakının prosesləri maraqlarına uyğun istiqamətə yönəltməsi baxımından əhəmiyyətlidir:

“Bizim məqsədimiz masaya əyləşənə qədər Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini bərpa etməkdir. Eyni zamanda İrəvanı sərhəd müqaviləsini imzalamağa məcbur buraxmaqdır. İyulun 28-nə keçən gecə Ermənistan ordusuna vurulan zərbənin miqyası vəziyyətin ordumuzun nəzarətində olduğunu sübut edir. Bakının Moskvanın atəşkəs təklifini qəbul etməsi də hərbi mövqelərin bizim xeyrimizə olduğundan xəbər verir. Lakin bu atəşkəs olduqca kövrəkdir və Moskvada qurulacaq masaya qədər sərhəd xətti boyunca toqquşmalar davam edəcək. Bütün bunların fonunda Qarabağda da əməliyyatların şahidi ola bilərik. Moskva görüşləri isə Ermənistanda hökumətin formalaşdırılmasından sonra mümkündür”.