“Təxribatların qarşısı anti-terror əməliyyatları ilə alınmalıdır”

“Biz sülh tərəfdarıyıq. Arzumuz insanlarımızın ata-baba torpaqlarına dinc yolla qayıtmasıdır”

“İrəvan buna mane olmaqla “ağrımayan başına duz bağlayır”

“Heç bir xarici qüvvə- nə Rusiya, nə Fransa, nə də ABŞ Ermənistana əbədi kömək edə bilməz”

"Düşmənin yeganə çıxış yolu sərhədlərin müəyyənləşdirilməsinə razı olmasıdır” 



Çoxları gözləyirdi ki, Ermənistanda Nikol Paşinyan baş nazir kimi təsdiqləndikdən sonra Azərbaycanla loyal xarici siyasətin əsası qoyulacaq. Fəqət, yenə də təxribatlar davam edir. Sərhəddə həftələrdir ki, silahlar susmur. Belə təəssürat yaranır ki, artıq Ermənistan hərbi –siyasi hakimiyyəti özü də bezib və birdəfəlik məhv olmaq istəyir. Əks halda “ölümlə rəqs etməz” .

 “Sherg.az” olaraq Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyevlə son proseslərə aydınlıq gətirməyə çalışdıq.

- Düşmənin provokasiyaları nəyə hesablanıb?

- Ermənistan düçar olduğu uğursuzluqdan nəticə çıxarmadı. Həmişə olduğu kimi, yenə də iddialarla çıxış edir. Və sərhədlərin müəyyənləşməsi prosesinə qarşı çıxmağa çalışır. Çünki bu, İrəvana sərf etmir.

-  Bəs gücü hardan alır?

- Ermənistan bütün tarix boyu geosiyasi alət olub. İndi də geosiyasi alət olmaqları ilə fəxr edir, özlərini seçilmiş xalq kimi təqdim edirlər. Elə bilirlər ki, alət olmaqları onlar üçün hansısa dividentdir. Halbuki bir müddətdən sonra heç bir alətə ehtiyac qalmır. Ermənistanın indi səfalət içində olması təsadüfi deyil. Torpaqlarımızı otuz il tapdaq altında saxlamalarına rəğmən, ölkədə böhran, korrupsiya baş alıb gedir. Xarici ianələr şəxsi məqsədlər üçün istifadə edilir. Ümumiyyətlə, Ermənistan geosiyasi layihədir. Psevdo dövlətdir. Öz müstəqilliyini təmin etmək iqtidarında deyil.

- Bunlara rəğmən, “at oynadır”?

- Ermənistan öz hərəkətləri iki məqamı göstərmək istəyir. Bunlardan birincisi Rusiyanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsidir. İkincisi isə münaqişənin hələ bitmədiyi. Doğrudur, həm prezident İlham Əliyev, həm də Rusiya dövlət başçısı Vladimir Putin konfliktin tarixdə qaldığını deyib. Lakin İrəvan Qərbi bölgəyə gətirmək üçün əlindən gələni edir. Əlbəttə, bu, Fransa ilə ABŞ-ın istəyidir. Həmin dövlətlər Rusiyanın regiondakı təsir dairəsini daraltmaq niyyətindədirlər. Əmin olun ki, nə Vaşinqton, nə də Paris erməni cəmiyyətini düşünür. Onları maraqlandıran öz ambisiyalarıdır.

- Bu arzunun baş tutması ehtimalı nə qədərdir?

- Azərbaycan regionun ən güclü dövlətidir. Rəsmi Bakı bu gün qlobal layihələrdə iştirak edir. Odur ki, bizim razılığımız olmadan Fransa və ABŞ Cənubi Qafqazda mövqe tuta bilməz.

- Proseslər nə ilə nəticələnəcək?

- Ermənistanın geosiyasi mədəniyyətini geosiyasi rəqabət və xarici diktə formalaşdırıb. Geosiyasi mədəniyyətin elementləri dəyişməyincə, İrəvanın davranışlarında hansısa yenilik gözləmək əbəsdir. Sülh imzalananadək təxribatlar davam edəcək. Düşmən isə yekun müqaviləyə yaxın durmur. Belə bir şəraitdə Azərbaycan geri çəkilməməlidir. Əlbəttə, bizim kimsənin torpağında gözümüz yoxdur, ancaq təxribatların qarşısı müxtəlif yollarla, lazım gələrsə anti-terror əməliyyatlaır ilə alınmalıdır. Biz sülh tərəfdarıyıq. Arzumuz insanlarımızın ata-baba torpaqlarına dinc yolla qayıtmasıdır. İrəvan buna mane olmaqla “ağrımayan başına duz bağlayır”. Heç bir xarici qüvvə- nə Rusiya, nə Fransa, nə də ABŞ Ermənistana əbədi kömək edə bilməz. Düşmənin yeganə çıxış yolu sərhədlərin müəyyənləşdirilməsinə razı olmasıdır.