Türkiyə əfqan miqrantlarından narahatdır

Əhəd Məmmədli: "Pəncar vilayətində hərbi əməliyyatlara başlasa, Türkiyəyə qaçqın axını genişlənə bilər"

Əfqanıstanda hakimiyyət dəyişikliyi dünyanın əsas gündəm mövzusu olaraq qalır. Artıq bir sıra ölkələr Əfqanıstanda rəhbərliyi ələ alan “Taliban”la bağlı rəsmi mövqeyini ortaya qoyub və hansı şərtlər daxilində taliblərlə əməkdaşlıq edə biləcəklərini açıqlayıblar. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da rəsmi Ankaranın “Taliban” rəhbərliyi ilə dialoqa hazır olduğunu bəyan edib. Ərdoğan bildirib ki, Türkiyə “Taliban”ın verdiyi mesajları müsbət qarşılayır. Lakin Türkiyə yeni qaçqın böhranından ciddi narahatdır. Ankara hökuməti Əfqanıstandakı Taliban üsyançılarından qaçan axının qarşısını almaq məqsədi ilə İranla sərhədi möhkəmləndirmək üçün oraya əlavə hərbi qüvvə göndərib.

Qaçqın axınının qarşısını almaq üçün Türkiyə İranla sərhədi boyunca 295 kilometr uzunluğunda beton divar inşa etməyə başlayıb. Müdafiə naziri Hulusi Akar İranla sərhədin qoşunlarla möhkəmləndirildiyini və sərhəd divarının inşasının başa çatdığını bildirib. Müxalifət partiyaları hökuməti “sərhədləri nəzarət altına almağa” və yeni miqrasiya dalğasının qarşısını almağa çağırır. Onlar 2016 -cı ildə Ankaranın Avropa İttifaqı ilə əldə etdiyi razılaşma kimi hər hansı yeni miqrasiya müqaviləsinə qarşı da xəbərdarlıq edirlər. Həmin razılaşmaya əsasən, Ankara Avropaya miqrant axınının qarşısını almağa, Avropa İttifaqı isə bunun qarşılığında suriyalı qaçqınlara yardım üçün Türkiyəyə milyardlarla avro verməli idi.

Lakin qardaş ölkəyə maliyyə vəsaiti ayrılmadı. Nəzərə alaq ki, Türkiyə əksəriyyəti qonşu ölkədə vətəndaş müharibəsindən qaçan suriyalı qaçqınlar olmaqla, artıq 4 milyon miqranta ev sahibliyi edir. Koronavirus pandemiyası ilə artan yüksək işsizlik səviyyəsi də daxil olmaqla, iqtisadi çətinliklərlə mübarizə aparan ölkədə miqrasiya əleyhinə əhval-ruhiyyə yüksəlməkdədir. Türkiyədəki əfqan qaçqınlar yenidən "Taliban"ın hakimiyyəti altında yaşamaq istəmədikləri üçün qaçdıqlarını deyirlər. Türkiyəyə gəlməzdən əvvəl onlar Əfqanıstandan İrana keçirlər. Səyahətin çox hissəsinin piyada, ekstremal hava şəraitində keçdiyini bildirirlər. Türkiyə hökuməti ölkədə 120 min əfqan qaçqının, 300 minə yaxın isə sənədsiz əfqan miqrantın olduğunu bildirib. Xatırladaq ki, sadəcə İngiltərə 20 min qaçqına “qucaq açacağını” dilə gətirib. Yunanıstan və digər Avropa ölkələri isə qapılarını bağlayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Boris Consonla telefon danışığında bildirib ki, Əfqanıstan və İranda lazımi tədbirlər görülməzsə, yeni miqrasiya dalğası qaçılmaz olacaq: “Başda Avropa ölkələri olmaqla, hər kəs bu məsələdə həmrəylik nümayiş etdirməlidir”.

AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında vurğulayıb ki, Avropa ölkələrinin Türkiyəyə qaçqınlarla bağlı maliyyə yardımı edəcəyi inandırıcı görünmür. Siyasi şərhçi vurğulayıb ki, illər keçsə də Ankara hökuməti Suriya qaçqınlarına görə Avropa Birliyindən maddi dəstək almayıb:

“Qərbin səmimiyyətinə inanmaq olmaz. Türkiyənin əfqan miqrantlarla bağlı narahatlığı başadüşüləndir. Pəncar vilayətində "Taliban"a qarşı silahlı müxalifət var. Əgər "Taliban" həmin vilayətdə hərbi əməliyyatlara başlasa, Türkiyəyə qaçqın axını genişlənə bilər. Amma "Taliban" Əfqanıstanı qısa müddətdə ələ keçirsə, silahlı toqquşmalar çox olmasa, ölkədən o qədər də çox qaçqın axını baş verməyəcək.

Nəzərə alaq ki, Əfqanıstan yarım əsrə yaxındır müharibə şəraitindədir və orada həyat şəraiti dözülməzdir.

Ancaq Suriya, İraq və Afrika ölkələri ilə müqayisədə Əfqanıstandan başqa ölkələrə üz tutanların sayı çox az olub. Əfqanların birinci seçimi öz ölkələrində qalıb vuruşmaq olub. Ona görə böyük ehtimal Türkiyə bu dəfə böyük miqrant axınına məruz qalmayacaq.

Təbii ki, müəyyən sayda əfqanın məhz qardaş ölkəyə üz tutacağına şübhə yoxdur. Amma inanmıram ki, bu axın problem yaradacaq həddə olsun”.