Xüsusi plan var

Qafar Çaxmaqlı: "Qərbi Azərbaycanın, xüsusən böyük yaşayış məskənlərinin 90 faizi bizim adlardan ibarətdir"

Ölkə başçısı İlham Əliyevin hazırda Ermənistan sərhədləri daxilində olan Azərbaycan ərazilərinin tarixi adı ilə çağırılması barədə ictimaiyyətə müraciəti hələ də müzakirə mövzusudur. Prezident hazırkı Ermənistan dövlətinin tarixi Azərbaycan ərazilərində qurulduğunu elə toponimlər məsələsinə toxunmaqla bildirdi. Jurnalistləri, bölgədən yazı, reportaj hazırlayanları diqqətli olmağa çağırdı. İctimaiyyət nümayəndələri hesab edirlər ki, dövlət başçısının bu məsələyə toxunması tarixi ədalətin bərpasına xidmət edən bir məsələdir. Eyni zamanda xalqımızın tarixi yaddaşının unudulmasına imkan verilməməsidir.

Məlumdur ki, 44 günlük müharibədən sonrakı prosesləri izləyən və bu istiqamətdə xəbər hazırlayan həmkarlarımız hadisə haqqında daha müfəssəl məlumat hazırlayarkən bəzən erməni mediasına müraciət edirlər. Bu da bir sıra hallarda Ermənistandakı tarixi yer adlarımız və toponimlərimizlə bağlı nöqsanlara yol verilməsi ilə nəticələnir. Ona görə də hesab edilir ki, qələm sahibləri daha diqqətli olmalı, Göyçə, Zəngəzur, Basarkeçər, Dərələyəz, Vedi mahallarının kəndləri, yaşayış məntəqələrini ermənilərin dəyişdirdikləri adlarla deyil, tarixi dədə-baba adlarımızla yazmalı və adlandırmalıdır. Dövlət başçısı ermənilərə, onların havadarlarına mesajında dedi ki, biz bu gün öz torpaqlarımızda dayanmışıq, sabah da harada lazım bilsək, orada dayanacağıq. Ölkə rəhbərinin səsləndirdiyi fikirlər Ermənistana və dünya erməniliyinə mənəvi-psixoloji zərbədir. Bununla Prezident son yüz ildə, xüsusilə 1988-1991-ci illərdə Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisindəki dədə-baba yurdlarından vəhşicəsinə qovulmuş soydaşlarımızın haqqını bir daha dilə gətirdi. 

Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı “Şərq”ə açıqlamasında bildirib ki, tarixi ərazilərimizdə türk toponimlərinin dəyişdirilməsi və erməniləşdirilməsi Ermənistanın dövlət siyasəti olub. Alim vurğulayıb ki, düşmən bu addımları atmaqla Azərbaycan izini silməyə çalışıb:

“Amma buna müyəssər olmadılar. Üzərindən xeyli onilliklər keçsə də, bu toponimlər orada yaşayan ermənilər tərəfindən tarixi adı ilə indi də işlədilir. Tarixi adlarımızın işlədilməsi və dünya miqyasına həmin adlarla çıxmağımız o deməkdir ki, biz bu ərazilərimizdən vaz keçməmişik və günün birində yenidən həmin yerlərin sahibi olacağıq. Ermənilərin bu ərazilərə gəlmə olduqlarını isbatlayan tarixi qaynaqlarla yanaşı bu adların işlədilməsi və yazılması önəmli ölçüdə təsirli olacaq. Ölkəmizdə Qərbi Azərbaycan yer-yurd adları ilə bağlı kifayət qədər araşdırma kitabları yazılıb. Onları başqa dillərə çevirib yaymağın əhəmiyyətini vurğulamaq istərdim. İrəvan türk cümhuriyyətinin tarixi adlarla bağlı xüsusi planı var. Bölgə-bölgə, kənd-kənd toplanılandan sonra orada vaxtilə məskunlaşmış insanların nəsillərinin siyahıya alınması həyata keçiriləcək. O zaman yalnız toponimlər deyil, əhali, tayfalar, nəsillərin kökü də ortaya çıxacaq. Bu işi həyata keçirmək çətin olsa da, mümkündür. Qərbi Azərbaycanın, xüsusən böyük yaşayış məskənlərinin 90 faizi bizim adlardan ibarətdir.
Ermənilərə aid bu torpaqlarda heç bir iz yoxdur. Bu səbəbdən İrəvan türk cümhuriyyəti indiki Ermənistanın bütün ərazisinə iddianı ortaya qoyub”.