““İslam Əmirliyi” formatı Əfqanıstanla ABŞ-ı üz-üzə qoyacaq”

Əfqanıstanda yeni hökumətlərini elan edən Taliban hərəkatı artıq ilk vizalarını təqdim edib. Bununla bağlı sosial şəbəkədə görüntü yayılıb. Ştampın üzərində “Əfqanıstan İslam Əmirliyi” yazıldığı görünür. İlk vizanın sahibi iranlı jurnalistdir. Görünür, radikal qruplaşma nəinki hakimiyyətinin davamlı olacağında, hətta təsir dairəsinin genişlənməsində iddialıdır.

 Siyasi şərhçi Züriyə Qarayeva məsələ barədə fikirlərini “Sherg.az”la bölüşərkən bildirdi ki, Talibanın “Əfqanıstan İslam Əmirliyi” adı altında viza təqdim etməsi dini dövlət yaratmaları deməkdir: 

“Qanunvericilik ona uyğun tənzimlənəcək. Bəllidir ki, dünya dövlətləri bunu hiddətlə qarşılayacaq. Münasibətləri normallaşdırmaq istəyən dövlətlər bu hakimiyyəti məcbur qəbul edəcək. Bu amil dövlətləri iki cəbhəyə ayıracaq.

Əfqanıstanın yerləşdiyi əlverişli geostrateji mövqe, Mərkəzi Asiyanın qapısı olması amili, ən azı, Çinin, Rusiyanın Talibanı qəbul edəcəyindən xəbər verir. Din amilindən yanaşsaq, başda İran olmaqla İslam dövlətlərinin yeni rejimlə əməkdaşlıq quracağı aydındır.

Türkiyə də Əfqanıstanda dini hakimiyyəti tanıyacaq dövlətlər içərisində yer alacaq. Çünki NATO-nun 2-ci ordusu kimi ABŞ-dan sonra Türkiyənin bölgədə yerləşməsi və Pakistanla Türkiyənin  dostluq münasibətləri Ankara ilə Talibanın “dil tapacağından” xəbər verir.

Hər nə qədər Taliban xarici qüvvələrin varlığını Əfqanıstanda qəbul etməsə də, hər halda Türkiyənin nə ABŞ, nə də Rusiya olmadığını anlayır. Türkiyənin antiterror əməliyyatlarında böyük təcrübəsi var. Taliban Türk hərbçilərini işğalçı kimi qəbul etməməlidir. “Mehmetçik” Yaxın Şərqdə və Şimali Afrikada bir sıra uğurlu əməliyyatlarda iştirak edib”.

Şərhçinin fikrincə, “İslam Əmirliyi” formatı Əfqanıstanla ABŞ-ı qarşı-qarşıya qoyacaq: 

“ABŞ üçün hakimiyyət məsələsinin çox  önəmli olduğunu düşünmürəm. Çünki Vaşinqton öz maraqlarını hər zaman ordu, hakimiyyət üzərindən qurmur, bəzən təhlükəsizlik şirkətlərindən də istifadə edir.

Din amilini əlində bayraq edərək uzun illər ABŞ-ın İrana qarşı mübarizəsi fikrimcə, bu məsələdə də presedent olacaq.

Ümumiyyətlə, Əfqanıstan qlobal güclərin baş çıxarması üçün bataqlıq ölkə olduğu kimi, siyasi hakimiyyətin, xüsusən Taliban kimi bir müddət öncə bütün dünyanın terrorçu kimi tanıdığı qüvvənin nələr edəcəyini təxmin etmək çətindir.

Bu sualın cavabı Talibanın özündən çox, onu hakimiyyətə gətirən güclərin mövqeyindən asılıdır”.