Gorus-Qafan yolu Azərbaycanın rıçaqlarından biridir

"Ermənistan-İran arasında əsas daşımalar bu yoldan keçir. Ermənistan alternativ yol çəkmək niyyətindədir, lakin buna əlavə vaxt və vəsait lazımdır"


Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan Azərbaycan polis postunun təminatı haqda ermənilər paylaşım ediblər. Erməni ombudsmanı Arman Tatoyan postun 9 sentyabrda qurulduğu, 11 sentyabrdan fəaliyyətə başladığını qeyd edib. Bildirib ki, postda 10 videokamera quraşdırılıb. Bu kameralar maşınların nömrələrini qeydə alır və Azərbaycan ərazisinə kimlərin girib-çıxdığını dəqiq müəyyən edir. Postda daimi olaraq polislərlə bərabər, tam silahlanmış əsgərlər də xidmət çəkir:

 “Xüsusilə əcnəbi sürücülər saxlanılır. Bu isə o deməkdir ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan qanunlarına əməl edilməsi tələb edilir”. Həmçinin postda müxtəlif gömrük və vergi rüsumlarının tətbiq edildiyi də bildirilib. Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti də bildirmişdi ki, Azərbaycan polisi sentyabrın 12-dən İran nömrəli nəqliyyat vasitələrinin sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev yoxlamaların aparıldığını təsdiqləyib. O deyib ki, sözügedən yer Azərbaycanın ərazisidir və orada hərəkət edən avtomobillər müvafiq qaydada yoxlanıla bilər: “Ərazidə ictimai qaydanın, ictimai təhlükəsizliyin təmin olunması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq yoxlamalar həyata keçirilir. İşğaldan azad edilmiş bütün şəhər və rayonların ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Bakı-Yevlax yolunda polis postunun olması nə qədər təəccüblü deyilsə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də polis postunun olması tam qanunauyğundur”. Dövlət Gömrük Komitəsinin bazar ertəsi yaydığı açıqlamada da bildirilib ki, Azərbaycan ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir: “Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”. Göründüyü kimi müharibədən sonra baş verənlər Ermənistanda isterik vəziyyəti daha da körükləyib. Ara-sıra revanşist açıqlamalar səsləndirən erməni siyasətçiləri də mövcud reallığın sürətlə lehimizə dəyişdiyinin fərqindədir. Erməni tərəfinin etirafları da göstərir ki, rəsmi Bakı Qarabağ daxil, Ermənistanla sərhəd boyu ərazilərdə öz suverenliyini birmənalı bərpa etmək üçün əsaslı addımlar atmaqdadır. 

Baş verənləri “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Azərbaycan öz suveren ərazisindən keçən Gorus-Qafan yolunda təsir rıçağını erməni hərbçilərin sərhədçimizə hücum etməsindən sonra işə saldı. Analitik vurğulayıb ki, yolun iki gün bağlanması nəticəsində həm Ermənistana, həm də bu yoldan yük daşıyan İrana böyük iqtisadi zərər dəydi: 

“Bakı İrəvanla yanaşı, Tehrana qarşı da ata biləcəyi addımları göstərdi. Həmin vaxt yolun açılması ilə bağlı danışıqlarda postun qurulacağı tələbi irəli sürülmüşdü. Əslində postun daha əvvəldən qurulduğunu deyə bilərik. İranın Qarabağa yenidən qanunsuz yük daşıması faktları ortaya çıxandan sonra Azərbaycan bu yolda təsir rıçağını işə saldı. Halbuki, müharibədən sonra Azərbaycan öz suveren ərazisindən keçən Gorus-Qafan yolunun 21 kilometrliyində heç vaxt problem yaratmamışdı və bununla regional əməkdaşlığa hazır olduğunu göstərirdi. Azərbaycanın bu əməkdaşlıq nümunəsi Ermənistan və İran tərəfindən sui-istifadə olunurdu. İranın Xankəndinə qanunsuz yük daşıması ilə bağlı dəfələrlə faktlar ortaya çıxıb. Rəsmi Bakı Tehrana bununla bağlı xəbərdarlıqlarını çatdırsa da, bu ölkənin Azərbaycandakı səfirliyi məsələni təkzib etmişdi. Əslində İran xəbərdarlıqlardan sonra prosesi dayandırmalı idi, amma faktlar göstərir ki, əksinə, qanunsuz yük daşımaları bir qədər də artıb. Bu prosesdə İranın günahkar olduğu qədər Laçın dəhlizinə nəzarət edən Rusiya da günahkardır. Rus sülhməramlılar faktiki olaraq, dəhlizdən Qarabağa daşınan qanunsuz yüklərə şərait yaradır”. 
Ekspertin fikrincə, qonşuluq münasibətlərinə uyğun olmayan bu davranışa qarşı adekvat addımların atılması zərurəti var idi və Bakı son proseslərdə nəyə qadir olduğunu göstərdi: “Azərbaycan Laçın dəhlizinə vizual nəzarəti gücləndirdi. Beləliklə, qanunsuz fəaliyyətlərlə bağlı dəqiq informasiyalar əldə edə bildi. Bununla Rusiyanı fakt qarşısında da qoydu. Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsində yoxlamaları artırdı və bununla İrana “bizim suverenliyimizə qarşı addımlara göz yumulmayacaq” mesajını verdi. Hazırda Bakının təkcə Ermənistan yox, region ölkələrinə qarşı da təsir rıçaqları var. Gorus-Qafan yolu bu rıçaqlardan sadəcə biridir. Əgər İran qanunsuz yük daşımalarına davam edəcəksə və Rusiya Laçın dəhlizində buna şərait yaradacaqsa, Gorus-Qafan yolu yenidən bağlana bilər. Bu, Azərbaycanın suveren haqqıdır. Buna paralel olaraq, Laçın dəhlizində qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün Rusiyaya da xəbərdarlıqlar edilə bilər”. 

A.Nərimanlıya görə, Gorus-Qafan yolu Ermənistan və İran üçün stratejidir: 

“Ermənistan-İran arasında əsas daşımalar bu yoldan keçir. Ermənistan alternativ yol çəkmək niyyətindədir, lakin buna əlavə vaxt və vəsait lazımdır. Digər tərəfdən, alternativ yol Gorus-Qafan yolu qədər rentabelli deyil. Bu baxımdan, alternativ yol açılandan sonra da İran-Ermənistan arasındakı əsas daşımalar bu yoldan olacaq. Belə demək mümkünsə, “divin canı şüşədədir”, yəni iki ölkə üçün vacib yol Bakının əlindədir. Azərbaycan bu strateji rıçaqdan zaman-zaman istifadə edə bilər”.

İsmayıl Qocayev