“Bakı Moskva və Tehranı “açıq oynamağa” məcbur edir” – AKTUAL 

“Azərbaycan regionda elə bir ab-hava yaradıb ki, ətraf ölkələr “pat” vəziyyətindədir”

“Nə xislətlərinə uyğun addım ata, nə də buna kəskin reaksiya verə bilirlər. Hər iki variant da onların əleyhinə işləyir”



“Regionda gedən son proseslərə nəzər salsaq, hiss olunur ki, uzun illər üzdə dost görünüb, arxada düşmənçilik etmək dövrünün sonu çatır”.
Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Daha ətraflı “Sherg.az”a danışan analitikin sözlərinə görə, Azərbaycan, nəhayət, hər kəsin mövqeyini açıq ortaya qoyması üçün fəaliyyətə keçib:

 “İstər Rusiya, istərsə də İran mövqelərini konkretləşdirməyə, nə istədiklərini açıq bildirməyə məcburdur.  Hesab edirəm ki, son günlər bu iki ölkənin üstünə gedilməsinin əsas məqsədi onları “açıq oynamağa” məcbur etməkdir. Ya niyyətlərini açıq deyəcək, buna uyğun münasibət görəcək, ya da əvvəlki kimi “gizli oynayıb”, qarşılarında  görmək istədiklərini görəcəklər. Azərbaycan regionda elə bir ab-hava yaradıb ki, ətraf ölkələr “pat” vəziyyətindədir. Nə xislətlərinə uyğun addım ata, nə də buna kəskin reaksiya verə bilirlər. Hər iki variant da onların əleyhinə işləyir”.
Qasımovun fikrincə, bölgədəki reallıqlar dəyişib:

“Azərbaycan-Türkiyə-Pakistan üçlüyünə qarşı kəskin reaksiya bildirməkləri lazım olduğu halda, buna qarşı mövqeləri zəif olduğu üçün səssiz qalırlar. 

Mövqelərinin zəifliyi bu günə kimi tutduqları yanlış yoldan qaynaqlanır və Azərbaycanın davranışını təbii hesab edirlər. 

Məsələ o yerə çatıb ki, Rusiya-İran ikilisinin mövqeyinə Ermənistan da qoşulub, hadisələrin gedişini seyr etməklə məşğuldur. 

Bu günədək Bakının başına gətirdiklərinin cavabını aldıqlarını kənardan ürəkağrısı ilə çarəsiz izləyirlər”.