Ermənistan mina məsələsini alver predmetinə çevirib

İƏT-in hesabatı bizim siyasi və diplomatik uğurumuzdur

"Ermənilərin vurduğu zərərlərə görə təzminat almaq işini beynəlxalq müstəviyə daşımalıyıq"


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib ki, onlar Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəklər. O bildirib ki, səfər zamanı ermənilərin, erməni rəsmilərinin xüsusilə tarixi miras üzərində həyata keçirdikləri təxribatlar görünəcək: "Ermənilər azad olunmuş ərazilərin böyük bir hissəsini minalayıblar. Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana vermədilər. Biz xüsusilə mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların həlak olmaması üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in hesabatı hazır olduqdan sonra təsiri olacaq. Bu hesabatı da BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndərəcəyik".

İƏT-in hesabatı ermənilərdən mina xəritələrinin qaytarılmasında nə dərəcədə mühüm rol oynaya bilər?

Sualımızı cavablandıran ermənişünas-alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı "Şərq"ə açıqlamasında bildirib ki, mina xəritələrinin Azərbaycana verilməməsi erməni xislətinin göstəricisidir. Q.Çaxmaqlı vurğulayıb ki, bununla da Ermənistan dövləti təcavüzkarlıq niyyətlərindən əl çəkmədiyini açıq-aydın göstərir: 

"Ermənistan hər hansı humanist düşüncədən uzaq bir dövlətdir. Bu işi alver predmetinə çevirib. Müharibədən sonra terrorçuluq fəaliyyəti göstərən və əsir götürülən erməni diversantları mina xəritələrinə dəyişdirmək təşəbbüsləri mənəviyyatsızlıqdır. Yalnız İƏT deyil, bu işə digər beynəlxalq təşkilatları da cəlb etmək diplomatiyamızın uğuru olardı. Və biz Ermənistanı məhkum etmək üçün ermənilərin vurduğu zərərlərə görə təzminat almaq işini beynəlxalq müstəviyə daşımalıyıq. Bütün bunları etməklə biz bir çox hədəflərə çatmaq işini həll edə bilərik. İƏT hesabatı isə bizim siyasi və diplomatik uğurlarımızın davamı üçün çox önəmlidir".

Aynurə Pənahqızı