Yenə rəsmi Bakının səbri sınanır

Yücel Karaüz: "Ancaq Azərbaycan-Türkiyə qardaşlığının öhdəsindən gələ bilməyəcəyi heç bir problem yoxdur"

"Ankara-Bakı tandemi bütün dünyaya mesaj verir ki, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda qalıcı sülh üçün daha 28 il gözləmək niyyəti yoxdur"


Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər. Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və yerüstü hədəflərə zərbələr endirmək tapşırıqları yerinə yetirilib. 

Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub. Açılış mərasimində Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın Müdafiə naziri Zakir Həsənov da iştirak ediblər. Akar son günlər revanşist bəyanatlar səsləndirən Ermənistana xəbərdarlıq edib. Nazir bildirib ki, Türkiyə və Azərbaycan prezidentlərinin Ermənistana uzatdıqları sülh təklifinə qarşılıq verilməsi çox əhəmiyyətlidir. H.Akar vurğulayıb ki, tam müsbət cavab olmasa da, bəzi əlamətlər var: 
“Məqsədimiz tərəflərin sülh və təhlükəsiz şəraitdə yaşamasıdır. Ermənistan atəşkəsə riayət etməli, hər hansı səhvə yol verməməlidir. Eyni zamanda, regionda atəşkəsin davamlı olması və sabitliyin təmin olunmasını da vacib hesab edirik”. Akar qeyd edib ki, region özünün həssas dövrünü yaşayır: “Prosesləri yaxından izləyirik. Türkiyə bütün qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Kiminsə ərazisini ilhaq etmək kimi niyyətimiz əsla müzakirə mövzusu ola bilməz. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımızın haqqının, hüququnun tapdanmasına icazə verərik”. Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə uğurlu hərbi təlimləri düşmənləri qorxuya salır, dost və qardaşları həyəcanlandırır. Bir daha qeyd edirəm ki, Azərbaycana qarşı təhdidləri özümüzə qarşı təhdid sayırıq”. 

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov bəyan edib ki, son dövrlər keçirilən təlimlər nəticəsində Azərbaycan ordusu böyük təcrübə qazanıb. Onun sözlərinə görə, iki ölkə arasında keçirilən təlimlər bundan sonra da davam edəcək: 

“Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatlar zamanı daim Türkiyənin dəstəyini görüb. Müharibə vaxtı Türkiyə Prezidenti, Türkiyə Milli müdafiə naziri və digər yüksək vəzifəli şəxslər Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək veriblər. Onların bəyanatları Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığın bütün dünyaya göstərib. Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Türkiyə tərəfindən göstərilən dəstəyə dərin təşəkkürümü bildirirəm”. Məlumat üçün bildirək ki, Türkiyədə səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi Kərim Vəliyev Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib. Görüşün mətbuata qapalı keçirildiyi bildirilir. Generalitetin qardaş ölkəyə səfərləri 4 türk generalın Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlığa təyin edilməsindən sonraya təsadüf edir. Xüsusi Komandanlıq Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərsə də, bugünə qədər daha aşağı rütbəli zabitlərlə təmsil olunduğu deyilir. 

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, təqaüddə olan general-mayor Yücel Karaüz “Şərq”ə açıqlamasında ilk növbədə Bakının işğaldan azad edildiyi 15 sentyabr günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdiyini deyib. 

Karaüz Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa başda olmaqla düşmənlə mübarizədə şəhid olmuş qəhrəman Anadolu və Azərbaycan türklərinin ölməz ruhlarını rəhmət və minnət duyğusu ilə yad etdiyini söyləyib. Generalın sözlərinə görə, məhz həmin fədakar qəhrəmanların sayəsində Xəzərin sahilində güclü və müasir Azərbaycan dövləti yaranıb. Şuşa Bəyannaməsi kimi mötəbər bir sənəd imzalanıb: 

“Vətən müharibəsindən sonra daha gərgin proseslərin yaşanacağını vurğulamışdıq. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları 10 noyabr üçtərəfli anlaşmasının müddəalarına əməl etmirlər. Əlavə zaman qazanmaq, əldə edilən böyük qələbənin uğurlu nəticələrini mümkün qədər yubatmaq üçün əllərindən gələni edirlər. Ancaq bir şeyi unudurlar ki, 44 günlük savaş zamanı Azərbaycanın yanında duran Türkiyə daha qətiyyətli şəkildə öz qardaşları ilə birlikdədir. Azərbaycan-Türkiyə qardaşlığının öhdəsindən gələ bilməyəcəyi heç bir problem yoxdur. İki dövlətdə vəzifə başına gələn yüksək rütbəli hərbçilər qardaşlıq jesti olaraq ilk ziyarətlərini Ankara və Bakıya edirlər. Son günlər ərzində Azərbaycan və Türkiyə generalitetinin nümayiş etdirdiyi qardaşlıq mənzərəsini 27 sentyabrdan əvvəl də bir neçə dəfə görmüşük. İki ölkənin hərbi sahədə əməkdaşlığı, müttəfiqliyi Şuşa Bəyannaməsi ilə taclandırıldı, ən üst səviyyəyə qalxdı. Ankara-Bakı tandemi bütün dünyaya mesaj verir ki, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda qalıcı sülh üçün daha 28 il gözləmək niyyəti yoxdur. Hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməlidir. Ermənistan isə öz təxribatlarından dərhal vaz keçməlidir. Qayəmiz bölgədə barış və əməkdaşlığa nail olmaqdır və buna nail olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik”. 

General vurğulayıb ki, Rusiya və başqa ölkələr Ermənistanı yenidən silahlandırmağa cəhd göstərir. Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarına göz yumulur: 

“Yenə rəsmi Bakının səbri sınanır, qardaş ölkənin ərazi bütövlüyünə hörmətsizlik göstərilir. Əgər İrəvan atəşkəs razılaşmasını sülh anlaşmasına çevirmək istəyirsə, ilk növbədə Azərbaycanın şərtlərinə qeyd-şərtsiz əməl etməlidir. Ondan sonra Türkiyə Ermənistana lazımlı yardımları edəcək, əməkdaşlıq üçün şans verəcək. Əks halda heç bir məsələdə irəliləyiş olmayacaq və düşmən layiqli cavabını alacaq. Bu qərarlılıq Azərbaycan və Türkiyənin ortaq mövqeyidir. Gücümüz birliyimizdədir”. 

İsmayıl Qocayev