İslahatları daha da dərinləşdirməliyik

Azərbaycanın Avropaya inteqrasiya etməkdən savayı yolu yoxdur

"Qərb də regiona yanaşmasını dəyişməli, ikili standartlara son qoymalıdır"


Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Məlum olduğu kimi Prezident İlham Əliyev Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovun ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. İllərdir müzakirə olunan, müəyyən yol qət edilsə də, yekun nəticə əldə edilməyən mühüm məsələlərdən biri də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq sazişinin imzalanmasıdır. 44 günlük müharibəyə qədər Avropa İttifaqının rəsmi Bakıya baxışı kifayət qədər fərqli və qərəzli idi. Savaşdan sonra müsbətə doğru müəyyən yanaşma hiss olunduğuna görə, yaxın müddətdə Aİ ilə Azərbaycan arasında Sazişin imzalanacağı iddia edilirdi. Ancaq əfsuslar olsun ki, 4 ildir aparılan danışıqlar hələ də nəticəsizdir. Bir müddət öncə verilən açıqlamada danışıqlarda 90 faiz razılıq əldə olunduğu, bir sıra texniki məsələlərin qaldığı deyilirdi. Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir. 1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan "Şərq Tərəfdaşlığı" proqramına daxil edilib. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalansa da, hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb. 

Xatırladaq ki, iyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdə olub və  Prezident İlham Əliyevlə görüşüb. Görüşdə siyasi-iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Prezident bildirib ki, Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır: “Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib”. Ölkə rəhbəri qeyd edib ki, qısa zamanda masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik. Şarl Mişel də öz növbəsində bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirlər. 

Ekspertlərə görə, Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Avropa İttifaqı hələ də dünyanın böyük geosiyasi güclərindən biridir. 

Faktiki olaraq, Aİ hazırda böyük bir məkanda geosiyasi balans yaratmaq funksiyasını yerinə yetirir. Eyni zamanda, Avropa İttifaqı Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin qurulmasında müəyyən təcrübəyə malikdir. Digər yandan Azərbaycan son illər ərzində sürətli iqtisadi inkişaf yolu keçib. Müstəqil siyasətini daha da təkmilləşdirərək İkinci Qarabağ müharibəsində parlaq qələbə qazanıb. Məhz bu baxımdan dünyanın böyük geosiyasi gücləri regiondakı siyasətlərinə düzəlişlər etməli oldular. Ona görə də Aİ ilə Azərbaycan arasında Sazişin yaxın dönəmdə nəhayət imzalanacağı iddia edilməkdədir. 

İllərdir davam edən müzakirələrlə bağlı “Şərq”ə danışan siyasi icmalçı Azər Niftiyev deyib ki, Azərbaycanın Avropaya inteqrasiya etməkdən savayı yolu yoxdur. Analitik bildirib ki, müasir dövrə inteqrasiya, siyasi sabitliyin təmin olunması, böyük iqtisadi layihələr Avropaya inteqrasiya olunmaqdan keçir: 

“Biz irəliyə baxırıqsa, mütləq şəkildə üzümüzü Qərbə tərəf çevirməliyik. Əslində Azərbaycan iqtidarının da bununla bağlı mövqeyi ortadadır. Dəfələrlə ən yüksək rəsmi səviyyədə ölkəmizin “Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşulmasında maraqlı olduğu qeyd olunub. “Şərq Tərəfdaşlığı” Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür. Bu sırada altı dövlətin adı çəkilir ki, onların hamısı keçmiş sovet ittifaqı ölkələridir. Postsovet məkanının Avropaya inteqrasiya etməsinin qarşısını almaq istəyən güc – Rusiyadır. Bu dövlətlərin “Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşulmasının qarşısını alan ən ciddi maneə Moskvadır. Rəsmi Kreml bilir ki, bu baş verərsə, regionda dominant mövqeyini itirə bilər”.

Ekspertin fikrincə, Qərb də regiona yanaşmasını dəyişməli, ikili standartlara son qoymalıdır: “ABŞ və Avropa bir tərəfdən postsovet dövlətlərini Avropaya inteqrasiya etməyə təşviq edir, digər yandan bu prosesi tormozlayacaq addımlar atır. Qərb sovet ittifaqının dağılmasından sonra dərinləşmiş münaqişələrin həllində birtərəfli mövqe ortaya qoyur. Biz bunu Qarabağ münaqişəsinə münasibətdə də dəfələrlə müşahidə etmişik. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə olan qətnamələri mövcud olub, bu qərarlar sadəcə kağız üzərində qalıb. ABŞ və Fransanın təmsil olunduğu ATƏT-in Minsk qrupu münaqişənin həllində obyektiv mövqe nümayiş etdirməyib. Nəticədə Azərbaycan məcbur qalıb, öz torpaqlarını güc yolu ilə işğaldan azad edib. Yaranmış vəziyyətdən Rusiya da öz maraqlarına uyğun şəkildə istifadə edib və regionda öz mövqeyini daha da gücləndirib. Bunun əsas günahkarı həm də böyük anlamda Qərb, ABŞ və Avropa dövlətləridir”. 

A.Niftiyev əlavə edib ki, Azərbaycanın Qərbə inteqrasiya istiqamətində vacib amillərdən biri islahatlar prosesini dərinləşdirməkdir: 

“Bu gün Azərbaycanda kompleks instusional islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizin Avropaya inteqrasiyası prosesinə böyük töhfədir. Lakin bununla kifayətlənmək olmaz. Hesab edirəm ki, biz islahatlar prosesini dərinləşdirməli, müasir dövrün çağırışlarına cavab vermək istiqamətində səylərimizi daha da artırmalıyıq”. 

İsmayıl Qocayev