Hakim elita mövqeyini daha da gücləndirəcək

Rusiyada seçki yolu ilə dəyişiklik imkansızdır

"Bu ölkədə əsas söz sahibi hərbçilərdir və onlar hansı qüvvəni dəstəkləsələr, onlar da hakimiyyətə gələcək"


Rusiyanın Dövlət Dumasına 8-ci çağırış seçkiləri 17-19 sentyabrda keçiriləcək. Dumaya seçkilər hər beş ildən bir qarışıq seçki sistemlə keçirilir. 450 nəfərlik Dövlət Dumasının 225 deputatı proporsional, 225 deputatı isə majoritar sistemlə seçilir. Dumaya seçkilərlə eyni gündə Rusiyanın doqquz subyekti başçılarının birbaşa seçkiləri də keçiriləcək. Seçkidə 14 partiyanın mübarizə aparacağı bildirilib.

Əslində, seçki sentyabrın 19-na təyin olunub. Ancaq ayın 17-si və 18-də də səsverməyə şərait yaradılacaq. Parlamentə düşmək üçün partiya etibarlı səslərin azı 5 faizini toplamalı, dairə üzrə namizəd nisbi səs çoxluğu əldə etməlidir. Seçki marafonuna qoşulan partiyaların 4-ü indiki Dövlət Dumasında təmsil olunan - Vahid Rusiya Partiyası, Kommunist Partiyası, Liberal Demokrat Partiyası, Ədalətli Rusiya Partiyasıdır. 

Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir. Hakim Vahid Rusiya Partiyasına Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev liderlik edir. 1965-ci il təvəllüdlü Dmitri Medvedyev 2005-ci ilin noyabrından baş nazirin birinci müavini olub, daha sonra baş nazir kürsüsünə gətirilib. 2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub, 2012-ci ildən 2020-ci il yanvarın 15-dək yenidən baş nazir olub. Hazırda prezident postunu Vladimir Putin tutur. O, ilk dəfə 2000-ci ildə prezident seçilib və ardıcıl üç seçkidə öz postunu qoruyub. Rusiya xarici kəşfiyyat xidməti bir neçə dəfə seçkilər zamanı xaricdən təxribatlar hazırlandığını bildirib. Kəşfiyyat xidməti vurğulayıb ki, Dövlət Dumasına keçiriləcək parlament seçkilərində təxribat olacağı ilə bağlı qurumun əlində məlumatlar var: “Hansı nöqtələrə zərbə hazırlandığını müəyyən etmişik”. Qeyd edək ki, Azərbaycan Milli Məclisinin bir qrup deputatı – Mixail Zabelin, Nizami Səfərov, Fatma Yıldırım və Şahin Seyidzadə Rusiyadakı seçkiləri müşahidə edəcək. Deputatlar öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaqlar. Səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəklər. Dövlət Dumasına seçkilərlə bağlı əksər ekspertlər ciddi nəticə dəyişikliyi gözləmilər. 

Şimal qonşumuzun seçki hazırlığını “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Rusiya  Dövlət Dumasına keçirilən seçkilərdə 4 partiyanın daha çox səs toplayacağını ehtimal etmək olar. Analitikə görə, “Vahid Rusiya”, “Liberal-Demokrat”, “Kommunist” və “Ədalətli Rusiya” siyasi təşkilatları parlamentdə təmsilçilik hüququ qazanacaqlar.

 Rəy sorğularına görə, “Vahid Rusiya” 50 faizdən çox, kommunistlər 5 faiz, liberal demokratlar 10 faiz, “Ədalətli Rusiya” isə 8 faiz səs yığacaq. Bir sözlə, hakim partiya 450-dən çox səs alaraq, istədiyi qərarı keçirə biləcək. Kommunistlərin səsi bir qədər də çoxalacaq. Lakin onlar həlledici səsə malik olmayacaqlar. Yavlinski tərəfdarları bu dəfə də məğlub olacaqlar. Müxalif düşərgənin tanınmış simalarından Aleksey Navalnı tərəfdarlarının səsinin necə olacağı da bəlli deyil. Ehtimal ki, onlar seçkini boykot edəcəklər. Navalnı və Yavlinskinin birləşə bilməməsi müxalifəti daha da zəiflədəcək”. 

A.Rəşidoğlunun qənaətincə, seçkilərin nəticəsində hakim elita mövqelərini daha da gücləndirəcək: 

“Seçkidən sonra müxalifət etiraz edəcək, hakimiyyət isə amansızlıqla etirazı yatıracaq və bütün dünya seçkiləri tənqid edəcək. Lakin nəticələri tanıyacaqlar. Rusiyada seçki yolu ilə dəyişiklik imkansızdır. Bu ölkədə əsas söz sahibi hərbçilərdir və onlar hansı qüvvəni dəstəkləsələr, onlar da hakimiyyətə gələcək. Seçki prosesində ciddi təxribat gözləmirəm. Müəyyən mitinq və aksiyalar ola bilər, ancaq bunlar ciddi təsirə malik olmayacaq”.

İsmayıl Qocayev