İran qondarma rejimin “nəfəsliyidir”: Azərbaycan onu bağladı!

“Cənub qonşumuzdan Qarabağa təkcə tikinti materialları yox, həm də hərbi təyinatlı yüklər daşınır” 

“Azərbaycan buna “dur” deməkdən ötrü Gorus- Qafan yolunda polis məntəqələri qurdu”

“Rəsmi Tehran İran Azərbaycanın istiqlalını “həzm edə bilmir””


Məlum olduğu kimi, İrandan Qarabağa yenə müxtəlif təyinatlı yüklər daşınır. Kimsəyə sirr deyil ki, bu yük İkinci Qarabağ müharibəsi zamanı aparılan “tikinti materiallarındandır”. Yəni Tehran yenə öz ampluasındadır. Hətta iş o yerə çatıb ki, maşınların sürücüləri cənubi azərbaycanlılardan seçilir. 

Bu, açıq-aydın təxribatdır. İran rejimi Cənubi Azərbaycanla əlaqələrimizi korlamaqdan ötrü əlindən gələni edir. Bu günlərdə Azərbaycan polisinin Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü saxladığı barədə məlumat yayılıb. 

Məsələ ilə  bağlı  “Sherg.az”a açıqlama verən DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:

"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.  Həmin avtomobillərin sürücüləri  barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".

 İranın bu əməli barədə “Sherg.az”a danışan politoloq Qabil Hüseynli həmin ölkənin qondarma rejim üçün həmişə “nəfəslik” olduğunu dedi: 

“Cənub qonşumuzdan Qarabağa təkcə tikinti materialları yox, həm də hərbi təyinatlı yüklər daşınır. Görünür, İran Azərbaycanın istiqlalını “həzm edə bilmir”. Vətən savaşındakı qələbəmiz fars-molla rejimini qıcıqlandırıb. Azərbaycan buna “dur” deməkdən ötrü Gorus- Qafan yolunda polis məntəqələri qurdu. İran xislətinə uyğun olaraq fitnəkarlıq edir: sürücülərin azərbaycanlı olmaları diqqət çəkən məqamdır. Amma onları qınamaq düzgün deyil. Həmin sürücülər bir tikə çörək üçün fars rejiminə tabe olurlar. Onlara verilən tapşırıqdan yalnız ölkədə inqilabi siyasi şüur formalaşdıqdan sonra imtina edə bilərlər. Bu məqsədlə ciddi təbliğat işləri aparılmalıdır”.

 Q. Hüseynlinin sözlərinə görə, İran Ermənistana yardımını gizlətmir: 

“Tehran guya ki, Bakı ilə İrəvan arasındakı güc balansını bərpa edir. Ermənistanın zəifləməsi, əlbəttə, İrana sərf etmir. Bu, cənub qonşumuzun strateji maraqlarına zərbədir. Amma artıq İranla bağlı illuziyalara son qoyulmalıdır”.

Kənan Novruzov