Paşinyan hərəkətə keçib:“Koçaryan və Sarkisyan məsuliyyətə cəlb oluna bilər”

“Baş nazir Sarkisyanın qohumlarından başlayaraq müxtəlif sanksiyaları tətbiq edir”

“Növbəti mərhələdə daha sərt tədbirlərin şahidi ola bilərik”


Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı qızı Ani Sarkisyan ölkənin Baş Prokurorluğunu məhkəməyə verib. A.Sarkisyan məhkəməyə 7 oktyabr 2020-ci il prokuror tərəfindən qəbul edilmiş əmlakının yoxlanılması qərarının ləğv olunması tələbi ilə müraciət edib.

Qeyd edək ki, Ani, qardaşı Narek və atası Levon Sarkisyan qanunsuz yolla varlanmada, əmlakın gizlədilməsində ittiham olunurlar. Onun atası Levon Sarkisyan barəsində axtarış elan edilib. Ani və Narek Sarkisyan ev dustağıdırlar.

Paşinyanın seçkilərdə ikinci dəfə qalib gəldikdən sonra mövqeyini daha da gücləndirməyə çalışdığını vurğulayan AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında söyləyib ki, xüsusilə, “Qarabağ klanı” geniş maliyyə imkanlarına malikdir və müəyyən dərəcədə Paşinyana qarşı çıxa bilərlər:


“Serj Sarkisyanın ətrafı, “Respublika” partiyası parlamentdə təmsil olunur. Ona görə də Paşinyanın istər Robert Koçaryan, istərsə Sarkisyan klanına qarşı fəaliyyətə keçməsi gözləniləndir. Baş Prokurorluğun bu kimi tədbirlərə əl atması, təbii ki, Paşinyan siyasətinin tərkib hissəsindən biridir. Görünür, müəyyən detallar var ki, hakimiyyət hərəkətə keçib. Hesab edirəm ki, Paşinyan bundan sonra “Qarabağ klanı”nın zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atacaq. Çünki S.Sarkisyan və R.Koçaryan konkret olaraq Rusiyaya bağlı siyasətçilərdir, bu ölkədən təlimatlar alırlar. Ona görə də Paşinyan Sarkisyanın qohumlarından başlayaraq müxtəlif sanksiyaları həyata keçirir”.

Politoloqun fikrincə, Baş nazir növbəti aylarda R.Koçaryan və S.Sarkisyanı da məsuliyyətə cəlb edə bilər:

“Çünki müəyyən daxili proseslərlə xalqa monupilyasiya etmək, korrupsiyaya qarşı mübarizədə keçmiş hakimiyyətin rüşvətxor siyasətini ifşa etmək lazımdır. Bu da xalqda müəyyən dərəcədə məmnunluq yaradır. Ona görə də Paşinyanın həm hakimiyyətini gücləndirmək, həm “Qarabağ klanı”nı tam sıradan çıxarmaq üçün belə siyasətə əl atması gözlənilən idi. Növbəti mərhələdə daha sərt tədbirlərin şahidi ola bilərik”.

Yeganə Bayramova