İran gərginliyi artırır: Bu, Azərbaycanla yanaşı, Türkiyə ilə də...”

İran Azərbaycanla sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir. Hərbi təchizatlar arasında İran istehsalı olan “Tufan” zirehli hərbi maşını da gözə dəyib. Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib. Bu rəsmi Tehranın rəsmi Bakıya  əzələ nümayişidirmi? 

Sualımızı cavablandıran Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın fikrincə, İranın dövlət başçısına bu məsələ ilə bağlı müraciət etsək, cavabında bildirər ki, öz ərazimdir, harada istəyirəmsə təlimlər keçə bilərəm:

“Məntiqlə İranın hərbi təlim keçirməsi normal haldır. Ancaq Ermənistanla-Azərbaycanın indiki gərgin vəziyyəti, eləcə də İranla-Ermənistan arasında gərgin siyasi vəziyyətdə bu təlimin keçirilməsi bir mesajdır. Mesaj ondan ibarətdir ki, Azərbaycanla-Türkiyə “Şuşa Bəyannaməsi”nə əsasən Azərbaycanın ərazisində birgə hərbi manevrlər keçirirlər. Eyni zamanda Azərbaycan qanunlarını pozan iki İran vətəndaşı saxlanılıb. İran sürücüləri qanunsuz olaraq Gorus-Qafan yolundan istifadə edir və Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərir. Belə bir gərgin situasiyada dövlətimizin İrana qarşı etirazları var. Rəsmi Tehran isə bu etirazlara cavab vermir, əksinə gərginliyi daha da artırır. 

İranın xarici ölkələrlə münasibətdə prinsipi gərginliyi, problemi gücləndirmək və onu həll eləməkdir. Yəni İran Azərbaycan sərhəddində hərbi təlimlər keçirməklə iki ölkə arasında gərginliyi artırır. Bu, təkcə Azərbaycanla yox həm də Türkiyə ilə gərginliyin artırılmasıdır. İki ölkə ilə gərginliyi artırdıqdan sonra isə idarəçiliyi əlinə almaq istəyir. Məsələn, bundan sonra iranlı diplomat və səfirlər işə düşməyə başlayacaq, guya Azərbaycanla münasibtələri normallaşdırmaq istəyəcəklər. Bütün bunlar isə İranın təlimlər keçirməsi üçün boş yerə pul xərcləməsindən başqa bir şey deyil”.

S.Soltan qeyd edib ki, Azərbaycan İranı təhdid etmir:

“Dövlətimiz işğaldan sonrakı dövrdə öz ərazisində yenidənqurma, təmizləmə və qaçqınların yurdlarına qayıtması ilə məşğuldur. Azərbaycan dəfələrlə bəyan edib ki, İran istəyirsə, bu prosesdə iştirak edə bilər. Ancaq İran işğal dövründə və işğaldan sonra oyundan kənar vəziyyətdə qaldığı üçün indi ciddi cəhdlə özünə haqq qazandırmağa, gərginlik yaratmağa, perspektivdə isə o gərginliyi idarə etməyə çalışır. 

Azərbaycan heç kimlə müharibə etmək niyyətində deyil, hərbi potensialımız ancaq ölkənin ərazi bütövlüyünün təmininə görədir. İranla mübarizə edəsi vaxtımız yoxdur. Çünki İran Azərbaycana düşmən dövlət deyil. Birincisi, orada 35 milyon soydaşımız var, ikincisi isə müsəlman dövlətidir. Hər iki hal Azərbaycanı İrana düşmənlik etməyə imkan vermir. Bu təlimlər hakimiyyətdə olan müəyyən qrupun regionda İranı aparıcı dövlət kimi göstərmək cəhdidir, ancaq çox uğursuz addımdır”.

Yeganə Bayramova