Dronlar, sadəcə, müşahidə aparır


Monitorinq Mərkəzinin fəaliyyəti Azərbaycanı qane edə bilməz

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə Soçi görüşündə Ağdamdakı Monitorinq Mərkəzindən danışıb. V.Putin deyib ki,  Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi fəal şəkildə fəaliyyət göstərir:
“Bu əməkdaşlıq sabitliyin və sülhə yönəlmiş növbəti addımlarda tərəflərin mövqelərinin koordinasiyasının ciddi təminatıdır”.

Putinin açıqlamasını “Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Monitorinq Mərkəzi regionda təhlükəsizliyin təmin edilməsi vəzifəsini daşıyır:

“Azərbaycan üçün Monitorinq Mərkəzi Türkiyənin rəsmi olaraq işğaldan azad edilmiş ərazilərdə yerləşdirilməsi deməkdir. Rusiya və Türkiyə  arasında sülhməramlı missiyası ilə bağlı ciddi müzakirələr aparıldı. Türkiyə istəyirdi ki, Rusiya ilə birgə sülhməramlılarını Qarabağda yerləşdirsin.

 Lakin Rusiya buna qarşı çıxdı. Nəticədə  Monitorinq Mərkəzində uzlaşdılar, ortaq məxrəcə gəldilər. İki dövlətin hərbçiləri bu mərkəzdə əməkdaşlıq edirlər. 

Fikrimcə, bunu Azərbaycan üçün Rusiya və Türkiyənin uzlaşdırılması məqsədilə yaradılan Cənubi  Qafqazda əməkdaşlıq mərkəzi kimi də xarakterizə etmək olar. 

Bu mənada Rusiya sülhməramlılarının  sülhə nail olmaq istədiyini birmənalı şəkildə deyə bilmərik. Hazırda rus sülhməramlılarının fəaliyyəti Azərbaycanı qane etmir. Onlar separatizmi körükləyib, erməniləri müdafiə  edirlər. 

Erməni silahlı birləşmələrinin təxribatları göstərir  ki, Monitorinq Mərkəzinin fəaliyyətində ciddi irəliləyiş yoxdur. Sadəcə, dronlar vasitəsilə müşahidələr aparılır”. 

Samirə