İran strategiya böhranı yaşayır

Azərbaycanın tarixi Zəfəri Xameneinin də yuxusunu ərşə çəkib

İranın yeni XİN rəhbəri Hüseyn Əmir Abdullahian, ardınca Ali rəhbər Xamenei Azərbaycanı açıq-aşkar hədələyərək təlimin hədəfinin Bakı olduğunu rəsmən elan etdilər. Əvvəlcə XİN rəhbəri Hüseyn Əmir Abdullahianın sərsəm iddialarına nəzər yetirək. Abdullahian deyib ki, İran öz sərhədləri yaxınlığında saxta sionist rejimin elementlərinin mövcudluğuna dözməyəcək: 

“Sionistlərlə terrorçuların Azərbaycana müdaxiləsi bizə aydındır. Təlimlər də onlara mesajımızdır. Qarabağın azad edilməsindən sonra təəssüfləndirici hadisələr baş verib. İsrail bu fürsətdən maksimum istifadə etməyə çalışıb və İranın sərhədlərinə yaxınlaşmaq üçün uğursuz cəhdlərindən sonra Azərbaycanın bir sıra bölgələrində mövqe qurub”. XİN başçısı Azərbaycanda terrorçuların olduğunu da iddia edib: “Biz Azərbaycana xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından xəbərdarıq. Azərbaycan sərhədində hərbi təlimlər keçirərək bölgədəki sionistlərə və terrorçulara bir siqnal ötürdük”. 

Abdullahianın ifadələrini yetərli görməyən İranın ali rəhbəri Xamenei özü rəsmi Bakını hədələmək qərarına gəlib. Hərbi məktəbin məzuniyyət mərasimində çıxış edən Xamenei deyib ki, İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yolu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır.

 Xamenei dəstək verdikləri Ermənistanı nəzərdə tutmadığına görə, şimal-qərbdə qonşu ölkə Azərbaycandır və “xarici güclər” də Türkiyə və İsraildir. Şübhə yox ki, İsrailin bölgədə mövcudluğu Tehranın iddia etdiyi formada deyil. Deməli, Tehran qardaş Türkiyənin bölgədə mövcudluğuna qarşı çıxır və bunu “sionist” ifadəsi altında pərdələməyə çalışır. Xamenei ardınca “cəza” mesajını verir. Vurğulayır ki, başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər yaxında şillə yeyərək, cəzalarını görəcəklər: “Hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək”. İranın dini rəhbərinin bu mesajının Bakıya ünvanlandığı bəllidir və açıq-aşkar təhdiddir. 

“Qardaş” sözləri isə Azərbaycanın inanclı kəsiminə ünvanlanıb. Baş verənlərə Xameneinin reaksiya verməsi o deməkdir ki, İrandan Azərbaycana qarşı total hücum daha da genişlənəcək. Fakt odur ki, Azərbaycanın qələbəsi və ərazilərini bərpa etməsi İranın nəzarətsiz ərazilərdən istifadəsini və Ermənistanla əlaqələrini məhdudlaşdırıb. İran Ermənistanla “150 km-lik” sərhədi itirib. O sərhəd ki, ordan istənilən qaçaqmal əməliyyatları həyata keçirilə bilərdi. İndi isə Ermənistanla 40 km-lik rəsmi sərhədi qalıb və onun da “onurğası” - Gorus-Qafan yolunun 21 km-i Azərbaycanın nəzarətindədir. Məlumdur ki, Ermənistan kimi onun əsas müttəfiqi və dəstəkçisi İran da 44 günlük savaşda çox acınacaqlı şəkildə uduzdu. İran bu dəhşətli məğlubiyyəti öz 30 illik siyasətinin məhvi kimi qiymətləndirir və bölgədə geosiyasi dəyişikliyi qəbul etmək istəmir. Qafqaz hər zaman Rusiyanın, Ermənistan vasitəsilə isə İranın təsir dairəsində olub. Rusiya burdakı təsirini bir neçə ölkə ilə qismən bölüşdü, sona qədər Ermənistanı dəstəkləyən İran isə uduzdu və kənarda qaldı. 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Şərq”ə deyib ki, İranın son siyasətinin dərin strateji səbəbləri ilə yanaşı 44 günlük müharibədən sonrakı mərhələyə dair 2 xüsusi səbəbi var. Analitik vurğulayıb ki, çox peşəkarca idarə olunan İran xarici siyasəti Yaxın Şərqdə arxa-arxaya aldığı zərbələrin üstünə Azərbaycanın İran üçün gözlənilməz olan zəfəri də gəlincə bir qədər sərsəmlədi: 

“İran ilk dəfə bu qədər strategiya böhranı yaşayır. İranın hədəfi ərazi bütövlüyünü bərpa etmiş, qalib, inkişaf potensialı yüksək olan Azərbaycandır. İran Ermənistanın bacarmadığını etməyə çalışır. Azərbaycan Respublikasını onun üçün çox təhlükəli səviyyəyə gəlmədən gərginliyin içinə çəkmək, güc itkisinə səbəb olmaq niyyəti güdür. 1994-cü ildən sonrakı mərhələdə Azərbaycanın getdikcə gücləndiyini anlayan Ermənistan dəfələrlə Azərbaycanı təxribata çəkərək vaxtından öncə güc itkisinə səbəb olmaq istədi. 2020-ci ildəki Şuşa təxribatı və iyuldakı Tovuz təxribatı Ermənistanın son təşəbbüsləri oldu. 

Amma bacarmadı. Azərbaycan tarixi məqamı gözlədi, Ermənistan istədiyi zaman deyil, özünü hazır hiss etdiyi zaman addım atdı və Ermənistanın son sentyabr təxribatına lazımi cavabı verdi. İran əslində özünü “şir” olaraq görmür. Azərbaycanı gələcəyin şiri olaraq görür.

 Xəyalında gələcəkdəki Azərbaycanı özü üçün təhlükəli görərək təxribata çəkməyə çalışır. İran-Azərbaycan gərginliyindən zövq alan bəzi xarici dövlətlər bunu təhrik edir, İran da yanlış strategiya ilə bu tələyə düşür. Halbuki, Azərbaycan bütün qonşuları ilə normal münasibətlərə malik olmaq istədiyini deyir. 

Bunu dəfələrlə öz siyasəti ilə sübut edib. İran üçün məqbul olan Ermənistandan fərqli olaraq yanlışlarından mümkün qədər tez dönməsidir”.