"Donbasda müharibə qaçılmaz görünür"

Məhəmməd Əsədullazadə: "Müharibə başlayacaqsa, Ukraynanın hərbi əməliyyatlarını NATO zabitləri idarə edəcək"

“Ukraynanın Donbasda separatçıların mövqelərinə "Bayraktar"ların hücum etməsi və qarşılıqlı artilleriya döyüşləri danışıqların dalana dirənməsinə gətirib və Moskvanın güzəştsiz mövqeyinin təcəssümüdür”. Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Ukrayna və Rusiya arasında demək olar ki, danışıqlar baş tutmur və "Normand" formatı, yalnız atəşkəsin saxlanmasına hesablanıb. Bu da Ukraynanın maraqlarına cavab vermir: 

“Ukraynaya ABŞ-ın dəstəyi, NATO-nun fəallaşması, həmçinin Rusiyanın Qara dənizdə hərbi donanmasını inkişaf etdirməsi ABŞ başda olmaqla NATO -nu hərəkətə gətirib. Rusiya hazırda genişmiqyaslı müharibədə maraqlı deyil. Əgər genişmiqyaslı müharibə baş verərsə, Ukrayna ordusu separatçılar üzərində tam qələbə əldə edə bilər. Hazırda Ukrayna ordusunun döyüş  qabiliyyəti yüksək səviyyədədir və arsenalında "Leta"l silahlarla təchiz edilib”.

Siyasi şərhçiyə görə, müharibə başlayacaqsa, Ukraynanın hərbi əməliyyatlarını NATO zabitləri idarə edəcək:

 “Ukrayna ordusunun yuxarı eşalonunda Rusiya ilə məxfi əməkdaşlıq edən xeyli zabitin olması istisna deyil. Qeyd edim ki, Ukrayna Prezidenti Zelenski də müharibənin başlamasında maraqlıdır və Vaşinqton da prosesə dəstək verir. 

Regionda elə bir düyün formalaşıb ki, o düyünü açmaq üçün Donbasda müharibə qaçılmaz görünür. Ukraynaya Rusiya müdaxilə edərsə, Əfqanıstandan Tacikistana müdaxilə olacaq. Həm də Suriyada vəziyyət mürəkkəbləşəcək. Ona görə də Rusiya üçün indiki halda müharibə əlverişsizdi. Amma geosiyasi reallıq Donbas müharibəsini labüd edir. 

Ukrayna bu müharibədə siyasi-hərbi qalibiyyət əldə edə bilər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Türkiyə də bu müharibədə Ukraynanın yanında yer alır”.