Conson həqiqətləri dilə gətirir

“Müharibə zamanı Britaniya Azərbaycanın mövqeyinə yaxın münasibət sərgilədi”

Böyük Britaniyanın Baş naziri Boris Conson  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb. O hazırda Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib. Hökumət başçısı vurğulayıb ki, növbəti ildə Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd ediləcək:
“Böyük Britaniya Azərbaycanın dünyada artan rolunu alqışlayır. Cənab Prezident İlham Əliyev, Siz Qoşulmama Hərəkatının sədri kimi, narkotik dövriyyəsinə qarşı mübarizəyə töhfə vermisiniz, Azərbaycan Əfqanıstanda Kabil hava limanının müdafiəsində aktiv rol oynayıb.İki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram”.

Bəs  Böyük Britaniya  Azərbaycan münasibətləri perspektivdə nələr vəd edir?Bu iki ölkə arasında münasibətlər bundan sonra hansı istiqamətdə davam edəcək? 

B.Consonun bəyanatını şərh edən siyasi şərhçi Turab Rzayev “Sherg.az”a açıqlamasında qeyd edib ki, Britaniya Azərbaycanın müstəqilliyinə, onun müstəqil xarici siyasətinə hər zaman açıq şəkildə dəstək verən ölkə olub: 

“Təsadüfi deyil ki, hələ Azərbaycan müstəqillik qazandığı  ilk dövrdə bura səfər edən məhz Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer olub. Bu digər Avropa ölkələrini Qafqaz ölkələrinin müstəqilliyini tanımağa, onların suverenliyinə hörmət etməyə təşviq etmişdi. Eyni zamanmda bilirsiniz ki, Azərbaycan neft-qaz kəmərinin əsas tutumu Böyük Britaniyanın BP şirkətidir. Məhz BP şirkətinin və ABŞ-ın verdiyi dəstək sayəsində Azərbaycan neft qaz koridorlarının çəkilməsi, əsrin müqaviləsinin imzalanması, Xəzərdə neftin, qazın çıxarılmasına yönəldi. Eyni zamanada biz Qarabağ müharibəsi  və ondan öncə Britaniyadan ənənəvi Avropa ölkələrinin mövqeyininn əksinə olaraq qəti ermənipərəst mövqe görmədik. Britaniya daha çox neytral hətta bəzi məqamlarda Azərbaycanın mövqeyinə yaxın münasibət sərgilədi. İqtisadi və siyasi cəhətdən də Böyük Britaniya ilə Azərbaycan arasında xoş bir əməkdaşlıq münasibətləri var. B.Conson da çıxışında həm indiki münasibətləri, həm də indiyədək olan münasibətlərə dair öz fikrini ifadə edib”.

T.Rzayev düşünür ki, Azərbaycan və Britaniya münasibətləridə gələcəkdə daha böyük əməkdaşlıqlar olacaq:

“Təsadüfi deyil ki, B.Conson  Böyük Britaniyanın Azərbaycanın  həm Əfqanıstandakı sülhməramlı missiyasında, həm də digər missiyalarada yanında olduğunu bildirib. Hazırda Orta Asiyada və Yaxın  Şərqdə yeni bir geostrateji durum yaranıb və bu durumda maraqlı dövlətlərdən biri də  Böyük Britaniyadır. Aydın məsələdir ki, istər Azərbaycan, istərsə də ona müttəfiq Türkiyə Britaniyanın  gələcək planlarımıza dəstək verməsini istəyir”