Həmsədr dəyişsə də, nəticə dəyişməyəcək

“Bakı-Ankara tandeminin strateji müttəfiqliyin də fövqündə dayanması rəsmi Parisi narahat edir, o, Ankaranın bölgədə aktivliyini həzm edə bilmir”

“Ona görə də zamanla Qarabağda hansısa “statusu” gündəmə gətirir bu həm də Parisin ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini dirçəltmək cəhdlərinin elanıdır”

“Fransanın mövqeyində dəyişiklik olmadıqca, rəsmi Parisdən əsaslı gözləntilərə ümid etmək sadəlövhlük olar”


Fransanın ATƏT-in Minsk Qrupundakı təmsilçisi dəyişib.Bu barədə Fransa hökumətinin saytında məlumat verilib. Belə ki, Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib. S.Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb.Yeni təyinata qədər B. Rokfeyl Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsulu, 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.

Xatırladaq ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. 1 yanvar 1997-ci ildən Fransa ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ və Rusiya ilə birlikdə başçılıq edir. Tarixi dövr ərzində Fransanın rəsmi İravanla yaxın dostluq əlaqələri Azərbaycanla Fransanın yaxınlaşmasına imkan verməyib. İkinci Qarabağ mübaribəsi dövründə baş verən proseslər buna göstərilə biləcək ən tuturlı nümunədir. 

Maraqlıdır, Fransanın Minsk qrupundakı təmsilçisinin dəyişməsi Fransa-Azərbaycan münasibətlərində nələr vəd edir? 

 Bu barədə “Sherg.az”a danışan siyasi şərhçi Aqşin Kərimov  bildirib ki, Fransanın Qarabağ münaqişəsi dövründə  münaqişənin həllinə “töhfəsi” passiv fazada olub: 

“Rəsmi Paris bunun səbəblərini Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra aydın şəkildə beynəlxalq müstəvidə göstərməyə çalışdı. Bu, əslində Fransanın münaqişə zamanı həmsədr mandatına uyğun olmayan pərdəarxası davranışlarının ictimailəşməsi idi.

 Türkiyənin Azərbaycanla münasibətlərini inkişaf etdirməsi, Bakı-Ankara tandeminin strateji müttəfiqliyin də fövqündə dayanması rəsmi Parisi narahat edir, o, Ankaranın bölgədə aktivliyini həzm edə bilmir. 

Ona görə də zamanla Qarabağda hansısa “statusu” gündəmə gətirir bu həm də Parisin ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini dirçəltmək cəhdlərinin elanıdır. Fransa Cənunbi Qafqaz regionunda təsirlər qazana bilmir. Fransanın postmüharibə dövründəki Azərbaycana qarşı mövqeyini strateji qısqanclıq nümunəsi hesab etmək olar”. 

Siyasi şərhçi həmsədrin dəyişməsi ilə Fransanın Azərbaycana münasibətinin  köklü dəyişəcəyinə inanmadığını dilə gətirib: 

“Həmsədr dövlətinin maraqlarını müdafiə edir. Fransanın mövqeyində dəyişiklik olmadıqca, rəsmi Parisdən əsaslı gözləntilərə ümid etmək sadəlövhlük olar. Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalamaq ərəfəsindədir. Rəsmi Paris də çalışır ki, sülh müqaviləsinin formatı elə təşkil edilsin ki, onun maraqları da təmin olunsun. Ancaq Fransanın proseslərdə iştirak imkanları getdikcə məhdudlaşır, yeni həmsədrin təyinatı isə kəmiyyətdən keyfiyyətə keçid görüntüsü yaratsa da, reallıq bunun tam əksidir”.