Ermənistan üzərində qələbəyə qədər böyük bir yol qət olunmuşdu: Siyasi şərhçi detalları açıqladı 

İşğal müddətində Azərbaycan bütün sferalar üzrə güclənməyi hədəfləyən siyasi xətt seçdi

"Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qələbəsini şərtləndirən səbəblərin kökünü bir neçə il öncədən düzgün strateji xəttin yürüdülməsində axtarmağa dəyər".

"Sherg.az"ın xəbərinə görə, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, işğal müddətində Azərbaycan bütün sferalar üzrə güclənməyi hədəfləyən siyasi xətt seçdi: 

"Bunun komponentlərini bu cür təsnifatlaşdıra bilərik. İqtisadi güc. Siyasi çarxların fırlanması iqtisadi proseslərə də təsir edir. Eyni zamanda, iqtisadiyyat da siyasi kursların, hədəflərin, strategiyaların müəyyənləşməsində böyük rol oynayır. Siyasət və iqtisadiyyat – bu iki anlayış həm nəzəri cəhətdən, həm də praktiki səviyyədə bir-birinə qırılmaz tellərlə bağlıdır. Məhz buna görədir ki, dövlətlərarası siyasi-diplomatik əlaqələrdə iqtisadi maraqların diktəsinin izlərini görmək mümkündür. Azərbaycan Ermənistanın Qarabağı işğalda saxladığı müddətdə iqtisadi güc toplamağı, bununla proseslərdə açar rolu oynamaq imkanlarını qarşısına məqsəd qoyaraq yekun hədəfə doğru birinci cəbhəni açdı. İqtisadi güc toplamağın digər şərti isə beynəlxalq və regional layihələr başlatmaqdan keçirdi, bu, həm də Ermənistanın layihələrdən kənarda qalması ilə müşayiət edilirdi. Azərbaycanın qazandığı iqtisadi rıçaqlar Ermənistanda dərin ictimai-siyasi, psixoloji böhran yaradırdı, işğal bumeranq effekti verərək öz üzərlərində partlayırdı".

Analitikə görə, digər məqam hərbi gücdür: 

"Azərbaycan iqtisadi potensialını gücləndirdikcə, öz ordusuna ən müasir silahları tədarük edərək əlini fiziki müstəvidə də gücləndirirdi. Fikir verirsinizsə, Azərbaycanın silah almaq üçün üz tutduğu bazarların sayı Ermənistanınkından daha üstün diapozana malik idi. Ermənistanın silah bazarı üçün məkanı monoton idi – demək olar ki, təkcə Rusiya. Azərbaycan hərbi gücünü 2016-cı ilin aprel döyüşlərində Ermənistanın təxribatlarına cavab olaraq sınaqdan keçirdi və ordu bu sınaqdan üzüağ çıxdı. Bununla da Ermənistan ordusu bir neçə strateji yüksəkliyi əldən çıxardı və iki min hektardan çox ərazi işğaldan azad edildi. Üzərindən iki il keçdikdən sonra isə Naxçıvanda Günnüt əməliyyatı keçirməklə 11 min hektardan çox ərazi işğaldan təmizləndi. Strateji yüksəkliklərdə möhkəlmənmək Azərbaycana döyüş üçün əlavə hərbi üstünlüklər vəd edirdi, Vətən müharibəsində də bu, özünü göstərdi. Qlobal rəqabət fonunda çoxqütblü siyasət dünyasının bir-birinə qarşı artan təzyiqlərinin ağırlığı altında qalmamaq üçün düzgün mövqe seçmək strateji tabloda qırmızı xətt kimi keçirdi. Azərbaycan həmin rəqabət və ya düşmənçiliyin ərazisinə keçməməsi, ölkənin poliqona çevrilməməsi üçün balanslı xarici siyasi kursa önəm verərək ölkəni təhlükələrdən sığortalayırdı".

A.Kərimov qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafiya siyasi cəhətdən mürəkkəbliyi ilə seçildiyindən xarci siyasətdə müttəfiqlik əlaqələrinin yaradılması və ya onun ekvivalentindəki səviyyədə münasibətlər qurulması labüd idi: 

"Azərbaycan bu dövrdə Türkiyə ilə əlaqələrini strateji müttəfiqlik xarakterinin fövqündə dayanan səviyyəyə çatdırdı, Pakistanla, İsraillə münasibətlərini gün keçdikcə istiləşdirdi. Qoşulmama Hərəkatı təşkilatında söz sahibinə çevrilməklə gələcəkdə bu Hərəkatdan siyasi dəstəyin alınması üçün şərait yaratdı. Dövlət digər cəbhəni isə diaspor sahəsində açmışdı, aparılan təbliğat nəticəsində erməni diasporunun yalanları ifşa edilərək dünya ictimaiyyətində həqiqət barədə düzgün təsəvvürlər yaradılmağa cəhdlər edildi. Bu özünün müsbət nəticələrini də verirdi. 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs dövrünün Aprel döyüşlərindən sonra ikinci böyük toqquşması baş verdikdən sonra Azərbaycan müharibə qərarını qətiləşdirdi. 
Artıq müharibə dövlətin özünümüdafiə refleksi halına gəlmişdi, əks təqdirdə işğal davam edəcək və erməni təxribatları ara verməyəcəkdi. Müharibənin başlanğıcı üçün start düyməsi sentyabrın 27-də basıldı, daha dəqiq ifadə etsək, Azərbaycan Ermənistanın cəbhəboyu təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatlarına başladı. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini təmin edən səbəblərini qısa formatda təqdim etsək bunları qeyd edə bilərik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətin prinsipial və qətiyyətli mövqeyi, ordunun gücü, xalqın birliyi, Türkiyə, İsrail, Pakistan, Britaniya kimi ölkələrdən ciddi siyasi dəstək. Bu komponentlər zəncirin ayrı-ayrı həlqələri olsa da, vahid nöqtədə birləşərək düşmənə sarsıdıcı zərbələr vurulmasına zəminlər açdı".