Paşinyan sülhə getmək yolundan çəkilməyəcək


Hər ölkədə müxalifətin işi hakimiyyəti tənqid etmək, ona qarşı sivil yollarla mübarizədir

2020-ci il 10 noyabr üçtərəfli Bəyannaməsində nəzərdə tutulan məsələlər həyata keçirildikcə Ermənistandakı revanşist qüvvələr hökumətə daha güclü təzyiq göstərməyə çalışırlar. Erməni mediası həmin qüvvələrin çağırışı ilə dünən Respublika meydanında keçirilən etiraz aksiyası zamanı gərginlik yaşandığını bildirib. 

“Nikol satqındır” şüarını səsləndirən bir qrup iştirakçı hərəkəti dayandırmağa cəhd göstərsə də, polis onları yolun hərəkət hissəsindən sıxışdırıb çıxarmaqla yanaşı, hökumət binasına çox yaxınlaşmağa da imkan verməyib. Nəticədə basabas və əlbəyaxa çəkişmə yaranıb. Dünən Ermənistan parlamentindəki “Ayastan” müxalif fraksiyasının deputatı Qeqam Manukyan öz “Facebook” səhifəsində “Qarşıdurma üçün səhər saat 11:00-da Respublika meydanına gəlin. Kim gələcək? Gözləyirik. Bu gün hakimiyyət Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olduğunu rəsmi şəkildə bəyan etdi. Hələ üstəlik də hökumətin üzvü bu gün Sünikə getdi və dolama yolun tikintisinin başa çatdığını açıqladı, düşmən isə dərhal trassı bağladı. Dözəcəyik? Bunun cavabını kim verəcək? Hökumət? Səhər hökumətin növbəti iclası olacaq və bizim sual vermək hüququmuz var. Biz hökumətdən cavab tələb edəcəyik” çağırışını edib. Manukyan bu müraciəti Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın gecəyarısı Azərbaycanın Qafan-Gorus yolunda nəzarət-buraxılış məntəqəsi quracağı barədə verdiyi bəyanatdan sonra paylaşıb. Bir müddət əvvəl keçirilən mitinqdə isə Manukyanın üzvü olduğu “Ayastan” blokunun rəhbəri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ya seçkilər, ya da ki, barikadalar yolu ilə hakimiyyəti devirməsinin bir neçə həftənin işi olduğunu deyib.

Mövzu ilə bağlı VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Azərbaycanla normal, ağla, siyasi reallığa söykənən münasibətlər gündəmə gələndə hər zaman Ermənistan siyasi düşərgəsində gərginlik yaranır: 

"Diqqət edin, bir neçə gün öncə Ermənistan mətbuatında Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına dair sensasiyalı məlumat yayıldı. Həmin məlumat Ermənistanın əksər KİV-i tərəfindən tirajlandı. Sonra isə Kremlə yaxın “RİA Novosti”nin də təsdiqlədiyi həmin məlumatda deyilirdi ki, noyabrın 9-da, ya da 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşəcək və Vladimir Putinin iştirakı ilə iki hissədən ibarət sülh müqaviləsi imzalayacaqlar. Rusiyanın vasitəçiliyi ilə imzalanacağı gözlənilən yeni sənədlərin təfərrüatı haqda hələ dəqiq bilgilər olmasa da, erməni müxalifəti mitinqlərə qərar verdi. Bəlkə də düşünmək olar ki, qeyri-adi heç nə baş vermir. Hər ölkədə müxalifətin işi hakimiyyəti tənqid etmək, ona qarşı sivil yollarla mübarizədir. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi müxalif "Hayastan" bloku mitinq qərarını belə izah edir ki, hakimiyyət erməni xalqının və dövlətçiliyin maraqlarına xidmət etmir. Müxalifət bloku hazırkı hakimiyyətin Ermənistanın yeni ərazilərini Azərbaycana verəcəyindən narahat olduqlarını qeyd edir. Ancaq hesab edirəm ki, Paşinyan sülhə getmək yolundan çəkilməyəcək".