“Türk Dövlətləri Təşkilatı” yaxın illərdə “Avropa İttifaqı” bənzəri bir təşkilata çevriləcək - Politoloq

"“Türk Dövlətləri Təşkilatı” “Avropa İttifaqı” bənzərində formalaşmalı, ortaq sülhməramlı qüvvələr yaradılmalıdır".
 
Bunu “Sherg.az”a açıqlamasında noyabrın 12-də İstanbulda baş tutan və artıq başa çatan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü şərh edən politoloq Turan Rzayev  bildirib. 

Politoloq qeyd edib ki, gözlənildiyi kimi, sonda bir sıra mühüm qərarlar verilib. Onun sözlərinə görə, verilən qərarlar içərisindən dördüncü xüsusi ilə mühüm idi: 

"Birincisi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında qərar qəbul edildi. Prinsip etibarilə bu qərarın gec-tez veriləcəyi məlum idi. Söhbət təkcə təşkilatın adından deyil, həm də adı ilə paralel onun statusunun dəyişdirilməsindən gedir. Dünya praktikasına nəzər salsaq, bu gün bir çox beynəlxalq və regional təşkilatların fərqli ad və statuslarda yaradılıb daha sonra adı ilə birlikdə statusunda dəyişdiyini görə bilərik. Misal üçün bu gün “Avropa İttifaqının” olaraq bildiyimiz təşkilat vaxtı ilə “Avropanın Polad və Kömür Birliyinin” adı ilə yaradılmış Avropada polad və kömür sənayesinin tənzimlənməsi, iqtisadi münasibətlərin formalaşmasını özündə ehtiva edirdi. Halbuki bu gün “Avropa İttifaqı” təkcə iqtisadi deyil, sosial, hüquqi, mədəni, siyasi, diplomatik, hətta müəyyən mənada hərbi məsələləri də özündə ehtiva edir".
 
 Politoloq hesab edir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi yaxın illərdə təşkilatın “Avropa İttifaqı” bənzəri bir təşkilata keçidi ilə müşahidə ediləcək: "Xüsusilə bunun olmasında Türkiyə və Azərbaycan daha maraqlıdır. Türkiyə onsuz da uzun illərdir Avropa İttifaqına daxil olmaq istəsə də bu və ya başqa səbəblərdən süni maneələr və ikili standarlara məruz qaldığı üçün hər dəfəsində müraciəti nəticəsiz qalırdı. Rəsmi Ankara buna görə Avropa Birliyinə üzv olmaq yerinə, vaxtı ilə Avropa ölkələrinin etdiyini etmək, yəni soykökü, dili bir türk dövlətlərinin özünəməxsus təşkilatının yaranmasını istəyir".
 
Politoloq Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında qərar qəbul edilməsinə də münasibət bildirib. Qeyd edib ki, bu, mühüm hadisədir: "Çünki Türkmənistan digər türk ölkələrindən fərqli olaraq beynəlxalq təşkilatlara, hərbi alyanslara, hətta dövlətlərarası iki münasibətlərə qapalı bir ölkədir. Digər türk ölkələri müstəqillik sonrası bir çox beynəlxalq təşkilata üzv olub dünyaya inteqrasiya etsə də, Türkmənistanla vəziyyət heç də belə olmadı. Rəsmi Aşqabatın xarici siyasətdə ehtiyatlı davranması təəssüf ki, uzun müddət soykökü bir olan türk ölkləri üçün də belə oldu. Bu mənada bu gün Türkmənistanın təşkilata üzv olması olduqca vacib bir hadisədir. Türkmənistanın təşkilata üzv olması təşkilatın və ümumilikdə türk ölkələrinin iqtisadi potensialını ciddi ölçüdə artıracaq. Məsələ ondadır ki, Türkmənistan dünyanın ən böyük təbii qaz rezervlərinə sahib ölkələrdəndir. Bunu həm Türkiyə, həm də Azərbaycan yaxşı bilir. Xüsusilə Azərbaycanın son illərdə ərsəyə gətirdiyini TAP və TANAP layihələri ilə Avropa bazarına təbii qaz nəql edən daşıyıcı və ixracatçı ölkə olmaq istəyir. Hazırda həmin layihələr ilə Avropaya Azərbaycan 10 milyard kubmetr qaz nəql edir. Türkmənistanın “Türk Dövlətləri Təşkilatı”na qatılması sonrası Avropaya nəql olunacaq qazın həcmi 30, hətta 50 milyard kubmetrə çatdırıla bilər. Digət tərəfdən Türkmənistanın təşkilata üzv olması həm də Transxəzər Beynəlxalq Şərq-Qərb Dəhlizin reallaşmasını sürətləndirə biləcək. Bu türkmən qazının Xəzər dənizi vasitəsilə TAP və TANAP layihələrinə qoşulması beləcə Avropa bazarına nəqlini sürətləndirəcək".
 
Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edildiyini də vurğulayan T.Rzayev bildirib ki, bu, İlham Əliyevin böyük şəxsiyyətinə, Türk dünyasında Liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk Birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir:

"Onu da qeyd edim ki, bu medal həm də zəfər əlamətidir. Yəni bundan sonra bu medalı əldə edəcək türk lideri də ən azından 44 günlük müharibə bənzəri bir zəfər əldə etməlidir. Bu medalla ölkə başçısı həm də təşkilat daxilində real döyüş görmüş, müharibəyə komandanlıq etmiş tək lider ünvanına sahib oldu".