"Hər iki dövlətin Ermənistana təsir gücü var"


Azər Qasımov: "Ermənistanın konstruktiv mövqeyə gəlməsi də Rusiya və İran dövlətlərinin mövqelərindən asılıdır"

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi Qarabağ məsələsini müzakirə edib. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, V.Putin iranlı həmkarını Rusiyanın Qarabağda atəşkəs rejiminin təmin olunması üzrə atdığı addımlar barədə məlumatlandırıb.

"Prezidentlərin telefon danışığı zamanı Qarabağla bağlı vəziyyət də müzakirə olunub. Vladimir Putin Rusiya tərəfinin atəşkəs rejiminin təmin olunması, təsərrüfat və nəqliyyat əlaqələrinin açılması, bölgədə dinc həyatın təşkil olunması ilə bağlı gördüyü tədbirlər barədə həmkarını məlumatlandırıb" - deyə, məlumatda bildirilir.

 Məsələyə münasibət bildirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, regionda gedən hər bir prosesdə region dövlətlərinin maraqlarının olduğu şübhəsizdir. Politoloq qeyd edib ki, Rusiya və İran prezidentlərinin də Qarabağı müzakirə etməsinə bu kontekstdən yanaşmaq lazımdır: 

“Ayrı-ayrılıqda bu dövlətlərin maraqları müəyyən məsələlərdə fərqli olsa da, regionun stabilliyi və gələcəyi baxımından ümumi maraqlarının olması şübhəsizdir. Bu ölkələrin prezidentlərinin də regionun stabilliyi üçün ortaq fikir mübadiləsi etməsi böyük ehtimaldır. Dövlətlər fərdi maraqlarını təbii ki, bir-biri ilə müzakirə etmirlər. Bu maraqlar müxtəlif örtülü mesaj və hərəkətlərlə diqqətə çatdırılır. Bu baxımdan, hazırda Qarabağ ətrafında baş verən proseslərin əsas ortaq nöqtəsi Zəngəzur dəhlizinin açılması və “3+3” formatının işə düşməsidir. Türkiyə və İran XİN-lərinin baş tutan görüşü və iki dövlət rəhbərlərinin də nəzərdə tutulan görüşünün olması ehtimalı bir daha onu deməyə əsas verir ki, regionun üç böyük dövləti bu formatın üzərində ciddi işləyirlər”.

A.Qasımov əlavə edib ki, əsas problem burda Ermənistanın ikibaşlı oyun oynamasıdır:

 “Ermənistan hələ ki, Qərbin oyunlarını regionda oynamaqda maraqlıdır. Ona görə də gah tərəflərə müsbət mesajlar verir, gah da bugünkü kimi müharibə şəraiti yaratmaqla əldə olunan razılıqları şübhə altına alan fəaliyyət göstərir. Hesab etmək olar ki, Ermənistanın konstruktiv mövqeyə gəlməsi də Rusiya və İran dövlətlərinin mövqelərindən asılıdır. Onların Ermənistana təsir gücləri var və bundan istifadə edilməsi regionun gələcək təhlükəsizliyi üçün mütləqdir”.