Saakaşvili vətəninə əbəs yerə göndərilməyib

Qərb Gürcüstanın qaynar nöqtə olmasında maraqlıdır

"Qərb dairələri Gürcüstanda hökm sürən ikihakimiyyətlilikdən narahatdır, rusmeyilli qüvvələri idarəetmə sistemindən tamamilə uzaqlaşdırmağa çalışır"

“Gürcüstanda baş verən son proseslər göstərir ki, Qərb həm Ukraynada, həm də Gürcüstanda vəziyyəti gərginləşdirib, Rusiyanın gizli dayaqlarını laxlatmağa çalışır”.

Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Züriyə Qarayeva deyib. Politoloq qeyd edib ki, məqsədlər sırasında heç də Rusiyanın işğal faktorunun aradan qaldırılması dayanmayıb: “Çünki bu dövlətlər arasında qarşıdurma olmasının və diplomatik əlaqələrin zəifliyinin səbəbi ərazilərinin işğal edilməsidir. Bu faktorun hələ də qüvvədə qalmasına baxmayaraq, indiki hakimiyyətin - İvanaşvilinin Rusiyanın havadarlığı ilə hakimiyyətə gəlməsi timsalında Kremllə gizli əlaqələrin olması danılmazdır. Bu kontekstdə Saakaşvilinin həbsi sırf siyasi xarakter daşıyır. Bundan sonra da hakimiyyət var gücü ilə çalışacaq ki, onu həbsdə saxlasın. Ancaq bu məsələ yalnız Gürcüstan hakimiyyətinin imkanları çərçivəsində deyil. Gürcüstanın Avropa Birliyi qarşısında müəyyən öhdəlikləri var. Bu öhdəliklər Tiflisi çıxılmaz vəziyyətə salmağa davam edir”.

Z.Qarayeva əlavə edib ki, Qərb dairələri Gürcüstanda hökm sürən ikihakimiyyətlilikdən narahatdır, rusmeyilli qüvvələri idarəetmə sistemindən tamamilə uzaqlaşdırmağa çalışır: 

“Bu mənzərə fonunda demək olar ki, “Mişa”nın həbs ediləcəyini bildiyi halda geri qayıtması hakimiyyəti çətin vəziyyətə salmağa hesablanıb. Lakin seçkilərdə yenidən seçilməklə "Gürcü Arzusu" Partiyası Rusiyanın Gürcüstanda hələ də dayaqlarının olduğunu bir daha göstərdi. Ancaq hər halda, Saakaşvili onu həbsdən çıxaracaq gücə arxayın olmasaydı, dəmir barmaqlıqlar arxasına öz istəyi ilə gəlməzdi. Gürcüstanda səfərdə olan ABŞ-ın Müdafiə naziri Lloyd Austinin “3+3" formatına istinad edərək, ”Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin" deməsi, Saakaşvilinin Gürcüstana əbəs yerə göndərilmədiyini təsdiqləyir və bəlli olur ki, Qərb Gürcüstanın qaynar nöqtə olmasında maraqlıdır”.