Türkiyə-İsrail münasibətləri normallaşır



Ankara hökuməti bu sayədə ABŞ-dan gələn siyasi-iqtisadi hücumları da zərərsizləşdirə bilər

İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. Bu, İsrail hökumətinin başçısı ilə Türkiyə lideri arasında 2013-cü ildən bugünədək ilk telefon danışığıdır. Qeyd olunub ki, Bennet ötən həftə Türkiyə Prezidentinin iqamətgahını çəkdiyinə görə, İstanbulda həbs edilən israillilər Natali və Mordi Okninin azad edilməsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib. 

Baş nazir, həmçinin Türkiyə və İsrail tərəfləri arasında humanitar məsələlərdə əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib və əlavə edib ki, bu əməkdaşlıq öz səmərəliliyi ilə seçilir. Ekspertlərin qənaətincə, 8 ildən sonra ilk dəfə İsrailin baş nazirinin Türkiyə prezidentinə zəng etməsi təsadüf sayıla bilməz. Türkiyənin son dövrlər Aralıq dənizində, Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada və balkanlarda artan nüfuzu İran və İsraili onunla əlaqələrə yenidən baxmağa və daha normal əlaqələr qurmağa vadar edir.

Türkiyə-İsrail yaxınlaşması ilə bağlı “Şərq”ə fikirlərini bölüşən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, Baş nazir Naftali Bennetin zənginin bir tərəfi məcburiyyətə dayanırsa, digər məqam Ankara ilə dil tapmaq, münasibətləri normallaşdırmaq üçün bəhanədir. Partiya təmsilçisinin sözlərinə görə, Türkiyə prezidenti ölkənin maraqları naminə addımlar atır:

 “Əslində burada söhbət Ankara-Təl-Əviv münasibətlərindən daha çox Türkiyə ilə dünya yəhudiləri arasındakı münasibətlərin düzəlməsindən gedir. Dünya yəhudiləri ilə əlaqələrin normallaşması Türkiyənin maraqlarına cavab verir. Məlumdur ki, hazırda lirənin dəyəri dollara nisbətdə xeyli aşağı düşüb. Bunun arxasında müəyyən Qərb dövlətlərinin və strukturlarının olması bəllidir. ABŞ lirəyə qarşı “savaş” elan edib. Məqsəd Ərdoğan hakimiyyətini zəiflətmək, xalqın gözündən salmaqdır. Amerikada yəhudi lobbisinin təsir dairəsi çox güclüdür. O baxımdan indiki məqamda Türkiyə-İsrail münasibətlərinin normallaşması məqsədəuyğundur. Əgər əlaqələr tənzimlənərsə, Ankara hökuməti bu sayədə ABŞ-dan gələn siyasi-iqtisadi hücumları da zərərsizləşdirə bilər”.