"Paşinyan Brüsseldə Putinin təzyiqi olmadan daha rahat düşünmək imkanı əldə edə bilər"  - Ekspert

 "Əgər Ermənistan lideri bu görüşdə özünə güvəni yarada bilsə, növbəti görüşlərin Moskvada oıduğu kimi Ankarada da keçrilməsi mümkündür"

"Yayılan məlumata görə, Azərbaycan və Ermənistan liderləri 15 dekabrda Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirmək barəsində razılaşıblar".

Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. 

Analitik bildirib ki, hətta tərəflər arasında baş verən insidentləri aradan qaldırmaq məqsədi ilə müdafiə nazirləri səviyyəsində birbaşa xəttin yaradılması barədə də razılığa gəlinib: 

"Bu iki xəbərin çox böyük əhəmiyyəti var. Əgər bu görüş baş tutarsa, tərəflər arasında bəzi məsələlərdə razılıq əldə edilməsi daha real görünə bilər. Həm də bu görüş Moskvanın təzyiqi olmadan, tərəflərin daha rahat dil tapmasına şərait yaratmış olar".

Ekspert vurğulayıb ki, burada əsas diqqət çəkən bir sıra məsələlər var: 

"Birincisi, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyannaməsinin şərtlərinə əməl edilməsidir. İkincisi, sərhəddə baş verən hadisələri dinc yolla həll etmək və Rusiyanın məsələyə müdaxiləsini mümkün qədər azaltmaqdır. Üçüncüsü, tərəflər arasında belə görüşlərin mütəmadi hal alması və sülh danışıqlarını tərəflərin həm də birbaşa aparması haqqında razılığa gəlməlidir. Dördüncüsü, sərhədlərin delmitasiya və demarkasiyası məsələsini daha da sürətləndirməkdir. Beşincisi, əgər Paşinyan bu görüşdə özünə güvəni yarada bilsə, növbəti görüşlərin Moskvada oıduğu kimi Ankarada da keçrilməsi mümkün ola bilər. Bir neçə gün öncə belə bir görüşün keçrilməsinin mümkünlüyü ilə bağlı bir yazı paylaşmışdım. Hesab edirəm ki, bu görüş baş tutarsa, ölkə başçısı cənab İlham Əliyev Nikol Paşinyana daha rahat dil tapmağı başa salacaq. Fikrimcə, Paşinyan da Qərbin adamı olduğu üçün, Brüsseldə Putinin təzyiqini daha çox üzərində hiss etmədən rahat düşünmək imkanı əldə edə bilər".