İrəvanda müxaliflər yenə küçələrə çıxıb

Onlar imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər

"Bu aksiyaların heç bir əhəmiyyəti yoxdur. Çünki Ermənistan 10 Noyabr bəyanatının müddəalarını gec-tez yerinə yetirməlidir"


Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları keçirilib. Aksiyalar şəhərin müxtəlif yerlərində baş tutub. Etiraz aksiyasının təşəbbüskarları siyasi partiyalar və ictimai təşkilatlar olub. Küçələrə axışanlar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxdıqlarını, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını istədiklərini deyiblər. İrəvanın bəzi küçə və prospektlərində aksiyalar səbəbindən avtomobillərin hərəkətində problem yaranıb. Polis yolları açmaq üçün aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıblar. Müxaliflər aksiyaların davamlı olacağını, Respublika meydanında mitinq keçiriləcəyini deyiblər. Xatırladaq ki, bir müddət əvvəl də Respublika meydanında Baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyası keçirilmişdi. Onlar Nikol Paşinyanın istefasını tələb etmişdilər. Erməni mediası hakim elitanın təşviş içində olduğunu, polis orqanlarına küçələrdə nəzarəti gücləndirmək əmrinin verildiyini yazıblar. 

Ermənistanda yenidən vüsət almış etirazları “Şərq”ə təhlil edən siyasi şərhçi Tural İsmayılov vurğulayıb ki, Ermənistanda revanşist müxaliflər Paşinyan hökumətini 10 noyabr bəyanatından sonra daim təhdid ediblər. Analitikin fikrincə, üçtərəfli sazişin bəzi müddəalarının icrasının gecikdirilməsinin səbəbləri arasında Paşinyan iqtidarının “dividendlər” qazanmaq, vaxt udmaq məqsədləri ilə yanaşı, siyasi müxalifətdə təmsil olunan qüvvələrdən çəkinmək də yer alır:

“Koçaryan və Hayastan bloku dəfələrlə parlamentdə və küçələrdə müxtəlif etiraz aksiyaları keçiriblər. Paşinyan iqtidarı əleyhinə şüarlar səsləndiriblər. İndiki aksiyaları da ümumi planın tərkib hissəsi kimi xarakterizə etmək lazımdır. Əlbəttə, Ermənistana təsir etmək istəyən müxtəlif kənar qüvvələr də var. Paşinyan hakimiyyəti Qərbin müəyyən imperialist siyasi institutları və xaricdəki erməni lobbisi tərəfindən idarə olunur. Rusiya elitasından Ermənistana daim təzyiqlər var. Koçaryan və Hayastan blokunu açıq-aşkar dəstəkləyən Kremlin yüksək ranqlı nümayəndələri, siyasi elita hazırda Paşinyana təzyiq etmək üçün bu cür aksiyalar təşkil edə bilərlər. Ümumilikdə isə düşünürəm ki, Koçaryan və tərəfdarlarının keçirdiyi bu aksiyaların heç bir əhəmiyyəti yoxdur. Çünki Ermənistan 10 Noyabr bəyanatının müddəalarını gec-tez yerinə yetirməli, ən əsası isə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı çağırışlara mütləq şəkildə cavab verməlidir. Bu, bir tərəfdən qalib ölkə kimi Azərbaycanın diktə etdiyi şərtdir. Ermənistan buna əməl etməyə məcburdur. Digər yandan üçtərəfli sazişə imza atmış Rusiyanın da bununla bağlı açıq çağırışları var”.