Liderlərin bir araya gəlməsinə az qaldı

Rusiya Brüssel görüşünə seyrçi qalmayacaq

Putin buna qədər Moskvada planlaşdırdığı üçtərəfli görüşün baş tutması üçün əlindən gələni edəcək

Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Avropa İttifaqının vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə rəsmi Bakı tərəfindən razılıq verilib. XİN rəsmisi qeyd edib ki, Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır: 

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla noyabrın 19-da telefon danışıqları baş tutub. Şarl Mişel hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirilib. Bu xüsusda Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik”. Bundan əlavə olaraq insidentlərin qarşısının alınması məqsədi ilə Azərbaycan və Ermənistan arasında müdafiə nazirləri səviyyəsində birbaşa əlaqənin yaradılması haqqında da razılıq əldə olunub. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr ayında görüşü barədə informasiyalar var idi. Bu haqda müxtəlif proqnozlar səsləndirilsə də, Moskvanın vasitəçiliyi ilə görüş baş tutmadı. Halbuki, Moskvada 9 noyabrda görüş olacağı ilə bağlı Rusiyanın hakimiyyətə yaxın, ən nüfuzlu agentlikləri diplomatik mənbələrə istinadla məlumat yaymışdılar. Daha sonra bu görüşün Soçidə baş tutacağı açıqlanmışdı. Moskva görüşünün baş tutmamasının səbəbi kimi İrəvanın imtinası göstərildi və bunu rusiyalı politoloqlar da etiraf etdilər. Əvəzində isə görüşün nəzərdə tutulduğu günlərdə Ermənistanın təxribatları başladı. 7 noyabrda keçmiş müdafiə naziri Arşak Karapetyan Xankəndiyə qanunsuz səfər etdi. 8 noyabrda Şuşa yaxınlığına diversantlar göndərildi. Laçın istiqamətində hərbi mövqelərin qabağa çəkilməsinə cəhd olundu. Daha sonra Şuşa ətrafındakı postda terakt törədildi və ardınca sərhəddə ardıcıl atəşkəs pozuntuları baş verdi. Bir sıra şərhçilər erməni təxribatının arxasında Paşinyanın deyil, Rusiyanın hərbi-siyasi elitasına bağlı “Qarabağ klanı”nın dayandığını söylədilər. Qısacası, Kremlin təşəbbüsü ilə hər hansı görüş reallaşmadı və Paşinyan Aİ rəhbərliyinin Brüssel görüşünə tərəddüd etmədən “hə” cavabı verdi. Əksər ekspertlərin fikrincə, görüşün Moskvadan kənarda olması pozitiv məqamdır. Brüsseldə Azərbaycan və Ermənistan arasında hansısa ciddi sənəd imzalanmasa belə bu faktın özü çox önəmlidir. Moskva görməlidir ki, iki ölkə arasında münasibətlər başqa formatda da yaxşılaşa bilər. Brüssel görüşünə Rusiya və Qərb ölkələrindən də reaksiyalar gəlməkdədir. ABŞ-ın Azərbaycandakı səfiri Örl Lisenberger bildirib ki, Vaşinqton tərəflər arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün əlaqələri dəstəkləyir: “Görüş haqqında xəbəri görmək mənə xoş oldu. ABŞ iki ölkə liderlərinin təkbətək görüşünün baş tutması üçün inadla səy göstərdi. Ümidvaram ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində irəli atılmış addım olacaq”. Səfir Ağ Evin ölkələrlə birbaşa əlaqələrin qurulmasını dəstəklədiyini qeyd edib: “Bu iradəni alqışlayır və tərəflərin bundan istifadə edəcəyinə ümid edirik”. 
Qafqazşünas, “Regnum” agentliyinin redaktoru Stanislav Tarasov da bildirib ki, Brüssel görüşü ikinci Qarabağ müharibəsindən sonra ölkə liderlərinin üçüncü təkbətək görüşü olacaq. Onun sözlərinə görə, burada intriqa ondan ibarətdir ki, onların 2020-ci il noyabrın 9-da imzalanmış sazişin ildönümünə həsr olunmuş üçüncü görüşü də Moskvada baş tutmalı idi: “Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı nə təkzib, nə də təsdiq edirdi. İlham Əliyev və Paşinyan dialoqu Rusiya platformasından Qərb platformasına köçürür. Bu, Bakının irəli sürdüyü yeni, hələlik naməlum olan şərtlərlə əlaqəli ola bilər”.

Liderlərin Qərbin təşəbbüsü ilə reallaşacaq görüşünü “Şərq”ə təhlil edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, görüşün təşkili Avropa İttifaqının sərhədlərin demarkasiya-delimitasiya prosesində vasitəçi olmaq, bunun üzərindən bölgədəki güc balansında yerini tutmaq niyyətindən qaynaqlanır. Analitik qeyd edib ki, rəsmi Bakı buna razıdır: 

“Azərbaycan rəhbərliyi sərhədlərin demarkasiya-delimitasiya prosesində Aİ-nin texniki və mütəxəssis dəstəyindən yararlanmaq istədiyini açıqlayıb. Paşinyan da Brüsselin prosesdə iştirakında maraqlıdır. Hər iki tərəf bundan Rusiyanın vasitəçiliyi qarşısına alternativ çıxarmaq, Moskvanın qurduğu masalarda maraqlarını müdafiə etmək üçün istifadə edə bilər. Bu məsələdə Brüsselin vasitəsilə, yəni Rusiyasız razılaşma əldə olunması diqqət çəkir. Çünki Moskva birbaşa təmasda heç vaxt maraqlı olmayıb. Bakı və İrəvan toqquşmaların qarşısını almaq məqsədilə müdafiə nazirlərinin birbaşa əlaqə yaratması üzərində razılaşıblar. Müdafiə nazirlərinin birbaşa əlaqə yaratması təkcə insidentlərin qarşısını almaq yox, həm də Bakı-İrəvan xəttində postmünaqişə dövrü üçün vacib olan münasibətlərin normallaşması baxımından da əhəmiyyətlidir. Bu, sonrakı dövrdə iki ölkəyə heç bir vasitəçi olmadan müzakirələr aparmaq imkanı verir və hər iki tərəfin maraqlarına uyğundur. Xüsusilə Rusiyanın vasitəçilik adı ilə həyata keçirdiyi siyasət fonunda əhəmiyyətlidir”. 

A.Nərimanlıya görə, görüşdə bir neçə məsələ prioritet ola bilər: 

“Aİ-nin sərhədin müəyyənləşməsi prosesində hansısa formada iştirakı mümkündür. Brüsselin humanitar məsələlərdə vasitəçiliyi, saxlanılan ermənilərlə mina xəritələrinin dəyişdirilməsi və s. addımlar atıla bilər. Görüşün keçirilməsi iki kontekstdə xüsusilə diqqət çəkir. Birincisi, müharibədən sonra ölkə başçısı İlham Əliyevlə Nilol Paşinyan ilk dəfə Rusiyanın vasitəçiliyindən kənarda bir araya gələcək. İkincisi isə müharibənin ildönümündə üçtərəfli görüş planı baş tutmayan Moskvanı Brüssel-Qərb qabaqlamış olacaq. Bəs, Rusiya buna seyrçi qalacaqmı? Mümkündür ki, Rusiya Brüssel görüşünə qədər Moskvada planlaşdırdığı üçtərəfli görüşün baş tutması üçün əlindən gələni edəcək. Kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Aİ-ni ofsayta salacaq”.