“Səfirin açıqlamalarından masada istifadə edə bilərik”

“Rusiyaya deyə biləcik ki, ya bizim maraqlarımız çərçivəsində sənin də maraqlarını təmin edəcək formada məsələni həll edək, ya da Qərb bölgəyə gəlir”

“Belə hal Rusiya üçün qəbuledilməzdir” 

Bildiyimiz kimi  Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti  və Ermənistanın baş naziri arasında  Brüsseldə görüş keçiriləcək. ABŞ-nin Azərbaycandakı səfiri Li Litzenberqer bu xəbərə çox şad olduğunu  söyləyib.O ,ABŞ-nin Əliyev-Paşinyan görüşünü səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.  
Maraqlıdır, illərdir Minsk qrupu həmsədrliyində təmsil olunan Amerika  hazırkı mövqeyində nə qədər səmimidir?  

 Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərimanlı  bildirib ki, ABŞ-nin regiondakı prosesdə iştirak etmək istəyi onun Azərabaycanın maraqlarını müdafiə etməsi anlamına gəlmir: 

“ABŞ münaqişə həll ediləndə  ATƏT-in  Minsk qrupunun həmsədri olmasına baxmayaraq prosesdən kənarda qaldı. Münaqişə Rusiya və Türkiyənin vasitəçiliyi ilə həll olundu. Rusiya ona görə vasitəçi oldu ki, bölgədə tək idarəetmə qura bilməyəcəyini anladı. Bu zaman Amerikadansa,Türkiyə ilə razılaşmağı daha sərfəli hesab etdi”.

Siyasi şərhçi  hazırkı durumda ABŞ –nin belə açıqlamalarının sırf   Rusiyanın vasitəçiliyinə qarşı yönəldiyini vurğulayıb. O, Qərbin bu cür istəklərinin Azərbaycan tərəfi  üçün əhəmiyyətindən danışıb:

 “Biz bundan masada istifadə edə bilərik. Rusiyaya deyə biləcik ki, ya bizim maraqlarımız çərçivəsində sənin də maraqlarını təmin edəcək formada məsələni həll edək, ya da Qərb bölgəyə gəlir. Belə hal Rusiya üçün qəbuledilməzdir. Bu kontekstdə Azərbaycan və Rusiyanın gündəliyinin eyni olduğunu düşünürəm.Çünki hər iki ölkə münaqişənin həll edildiyini qəbul edir. Minsk qrupunun postmünaqişə dövründə fəaliyyətini nəzərdə tutur. Bu bizə imkan verir ki, rəsmi Mokvanın  bölgədəki maraqlarından istifadə etməklə öz istəklərimizə nail olaq”. 

A.Nərimanlı bundan sonra da ABŞ-nin müxtəlif təkliflər irəli sürə biləcəyini diqqətə çatdırıb: 

“Maraqlıdır hazırda təkliflərdə bulunan Amerika münaqişənin həll olduğunu qəbul edirmi?Doğrudur onun Fransadan fərqli olaraq daha loyal mövqe sərgilədiyini görürük. Amma o digər tərəfdən Minsk qrupunun yenidən fəaliyyətə başlaması istiqamətində çıxış edir, xüsusən də  ABŞ-nin Ermənistandakı səfiri məsələni gündəmə gətirir. Fikrimcə , bu rəsmi Bakıya təzyiq göstərmək üçün atılan addımlardır. Məqsəd Azərbaycan tərəfi prosesdə onların iştirakını qəbul etməzsə , Minsk qrupunun belə nüansları gündəmə gətirə biləcəyini nəzərə çatdırmaqdır”.

 Siyasi şərhçi münaqişə dönəmində də , indi də rəsmi Bakının Qərbin çağırışlarına, təkliflərinə cavab verən ölkə olduğunu bildirib:

“İndi Azərbaycan tərəfi üçün münaqişə dövrü başa çatıb. O,postmünaqişə dövrü üçün təkliflərə açıqdır. Məsələdə əsas həlledici ölkələr Rusiya, Azərbaycan və Türkiyədir. Üç ölkənin bölgənin gələcəyi ilə bağlı gündəliyi eynidir. Müharibəni biz qazanmışıq. Gündəliyi də biz formalaşdırmışıq. Şübhəsiz ki, Qərbin təklifləri arasında bu gündəlikdən kənara çıxma halları olacaq”.