İrəvan məhkumdur...



Ermənistan sonuncu dayanacaq - sülhə yaxınlaşır

Son bir il ərzində Azərbaycana qarşı bütün hərbi təxribatları boşa çıxan Ermənistanın diplomatik-siyasi müstəvidə iflası qaçılmazdır. Bu ölkənin hansı variantlara əl atmasından asılı olmayaraq, son çarəsi Azərbaycanın şərtlərini qəbul etmək, yeganə çıxış yolu böyük sülh sazişinin imzalanması istiqamətində real addımlar atmaqdır. Əvvəl-axır rəsmi İrəvanın bütün manevrləri, hiyləgər taktiki gedişləri iflasa məhkumdur. 

Əslində Nikol Paşinyanın özü də bu həqiqəti yaxşı dərk edir. O, Ermənistanın masaya oturmaqdan, Azərbaycanla ortaq məxrəcə gəlməkdən, sülh müqaviləsi bağlayıb əməkdaşlığa başlamaqdan başqa çarəsinin olmadığını hamıdan yaxşı bilir. Bu mənada dekabrın ortalarında Avropa Birliyinin paytaxtında Paşinyanın Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşünün keçiriləcəyi barədə yayılan xəbərləri Ermənistan üçün bir fürsət, şans kimi dəyərləndirmək lazımdır. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçiriləcək görüşü “kart-blanş” kimi gözdən keçirməli və fürsəti düzgün dəyərləndirməlidir. Partiya rəhbərinin sözlərinə görə, Paşinyan nəhayət özünü adekvat və ciddi siyasətçi kimi aparmağı bacarmalıdır:

 “Bütün görüşlərin Azərbaycan tərəfinin mənəvi-psixoloji üstünlüyü şəraitində keçəcəyi şübhəsizdir. Böyük ehtimal görüş zamanı liderlər sərhədlərin delimitasiyası və demarkasiyasını, Zəngəzur dəhlizinin açılmasını, eləcə də 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn digər vacib məsələləri ilk sırada müzakirə edəcəklər. 16 noyabrda Ermənistanın növbəti təxribatı Paşinyanın Avropa Birliyini, ATƏT-i, NATO alyansını proseslərə cəlb etmək planlarının üstündən xətt çəkdi və rəsmi Bakının əlini bir qədər də gücləndirdi. Odur ki, Azərbaycan liderinin bu görüşdə “hücum diplomatiyası”ndan çıxış etmək imkanları daha da genişlənib”.

Ə.Hüseynov vurğulayıb ki, görüşlərin keçirilməsi qalıcı sülh üçün əlverişli zəmin yaradır. Bu görüşlər məğlubiyyəti ilə heç cürə barışa bilməyən Ermənistanı sonuncu dayanacağa - sülhə yaxınlaşdırır. Burada Ermənistanın iradəsi, onun sülhü istəyib-istəməməsi heç bir rol oynamır. Çünki Ermənistan bütün hallarda sülhə razılıq verməyə məhkumdur. Biz indi Ermənistanın manevr imkanlarının tükəndiyini müşahidə etməkdəyik. 16 noyabr döyüşləri Ermənistanın nəinki sonuncu müqavimətini, belini də qırdı. Ermənistanın rəhbərliyi də, erməni cəmiyyəti də tam mənada başa düşdü ki, onlar hərbi üstünlüklərini həmişəlik itiriblər”.