Overçuku Bakıya gətirən səbəblər:““Dəhliz” əvəzinə “kommunikasiya xətləri” işlədib...” 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Danışıqlar  zamanı ikitərəfli münasibətlərin,iqtisadi sahədə əməkdaşlığın inkişafından söz açılıb. Son dövrlərdə iki ölkə arasında  ticarət dövriyyəsinin yeddi faiz artdığı bildirilib. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərməsi və bu işdə Prezident İlham Əliyevin dəstəyinin önəmi vurğulanıb. Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu kimi məsələlər də müzakirə olunub.

Görüşdə Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması məsələsinə də toxunulub. Bu prosesin bölgədə sabitliyə və iqtisadi inkişafa töhfə verəcəyi bildirilib. Həmçinin söhbət ərəfəsində Rusiya-Azərbaycan-Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. Sonda Prezident İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkür edib.Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da uğurla inkişaf etdiriləcəyi diqqətə çatdırılıb.

 Maraqlıdır, belə həssas məqamda bu görüşün nə kimi əhəmiyyəti  var?

Bu barədə  “Atlas” Araşdırmalar Mərkəzi sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a danışıb. O, Krem sahibinin Rusiya baş nazirinin müavini Aleksey Overçuku Bakıya göndərməsinin məqsədini açıqlayıb: 

“Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə iki gündən sonra Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə nələrin müzakirə ediləcəyi bəllidir. Əsas mövzu Zəngəzur dəhlizi və ya kommunikasiya xətlərinin açılması, o cümlədən sərhədlərin müəyyənləşməsiylə bağlı üçtərəfli komissiyanın yaradılmasıdır. Məhz bu məqsədlə A.Overçuk Bakıya göndərilib. Overçuk Rusiya-Azərbaycan-Ermənistan üçətərəfli komissiyasında ölkəsini təmsil edir”. 

Politoloq  görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki fəaliyyətinə  xüsusi diqqət yetirildiyini vurğulayıb və Overçukun fəaliyyətində bir sıra məqamlara toxunub:

“A.Overçuk il ərzində iki dəfə İrəvana gedib.Onun Bakıda və İrəvanda müzakirə etdiyi əsas mövzu regional kommunikasiya xətlərinin açılması olub. A.Overçuk dəhliz ifadəsini  işlətmir. O son açıqlamasında erməni rəsmiləri kimi belə bir fikir səsləndirib: “Bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir”.Overçuk dəhliz əvəzinə “kommunikasiya xətləri” ifadəsini işlədib.  Beləliklə,  o, Ermənistanın Zəngəzurdan keçən dəmiryoluna eləcə də avtomobil yoluna nəzarət etməsinə  işarə edib. Bu, onun prosesdə Rusiya prezidentinin təlimatını yerinə yetirdiyini göstərir”. 

E.Şahinoğlu  sonda Ermənistanın Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət etmək istəyəcəyi təqdirdə, bizim də Moskva qarşısında Laçın dəhlizinin Azərbaycan sərhədçiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalı olduğumuzu  bildirib: 

“Və bu da bizim təbii haqqımızdır”.