Türkiyənin 2023-cü il hədəflərini əngəlləyirlər

Lirənin ucuzlaşması iqtisadi deyil, süni proseslər əsasında həyata keçirilir 

Məqsəd Ankara hökumətinə təzyiq göstərmək və Türkiyəni yenidən “sözəbaxan uşağa” döndərməkdir


Türkiyədə lirənin sürətli ucuzlaşması davam edir. Bir dollar hazırda 13,07 lirəyə bərabərdir və bunun son olmadığı deyilir. Lirənin ucuzlaşması ilə bağlı Türkiyənin müxtəlif bölgələrində mitinqlər keçirilib. Türkiyədə “erkən seçkilər” yenidən aktuallaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qətiyyətlə erkən seçki keçirilməyəcəyini bildirib. Ərdoğan problemi müzakirə etmək üçün Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu ilə Ankarada görüşüb. Görüş türk lirəsinin qısa müddət ərzində kəskin ucuzlaşmasından sonra reallaşıb. Ancaq görüşlə bağlı detallar açıqlanmayıb. Türkiyə Mərkəzi Bankı bildirib ki, valyuta bazarında qeyri-real, iqtisadi əsaslardan uzaq qiymət formalaşması müşahidə olunur: “MB-nin üzən məzənnə rejimində məzənnə səviyyəsi ilə bağlı heç bir öhdəliyi yoxdur. Valyuta məzənnələri tələb və təklif şərtləri ilə sərbəst bazar dinamikası ilə müəyyən edilir. Müəyyən şərtlər daxilində Mərkəzi Bank daimi istiqamətləndirmə məqsədi olmadan yalnız həddindən artıq qiymət artımına müdaxilə edə bilər”. 

Məlumat üçün bildirək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyan Türkiyəyə səfər edib. İngiltərə mətbuatı Nahyanın Türkiyəyə 100 milyard dollar sərmayə yatıracağını yazıb. Maraqlısı odur ki, nüfuzlu Qərb mediası Türkiyədə ciddi iqtisadi böhrandan bəhs etmirlər. Hətta bir sıra media qurumları qardaş ölkənin iqtisadi inkişafından yazırlar. Məsələn, “The Financial Times” qəzetinin sonuncu sayında “Lirənin çökməsi Türkiyə iqtisadiyyatı üçün nə deməkdir?” adlı məqaləsində vurğulanıb ki, Beynəlxalq Valyuta Fondu da daxil olmaqla bir çox mərkəzlər bu il üçün Türkiyədə Ümumi Daxili Məhsulun 9 faiz artacağını proqnozlaşdırıblar: “Bu isə dünyada ən sürətli inkişaf göstəricilərindən biridir”. Siyasi icmalçılar lirənin qısa periodda qəfil dəyər itirməsini Qərb ölkələrinin siyasi-iqtisadi maraqları ilə əlaqələndiriblər. Onların fikrincə, lirənin ucuzlaşması iqtisadi deyil, süni proseslər əsasında həyata keçirilir. Məqsəd Ankara hökumətinə təzyiq göstərmək və Türkiyəni yenidən “sözəbaxan uşağa” döndərməkdir. 

Qardaş ölkədə lirə ilə bağlı yaşanan narahatlığı “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, son dövrlər iqtisadi baxımdan Türkiyədə vəziyyətin narahatedici olduğu görünməkdədir. Türk lirəsinin dollar qarşısında süni şəkildə dəyər itirməsi Türkiyə iqtisadiyyatını çətinə salıb: 

“Türkiyəyə qarşı belə çirkin oyunların qurulması təsadüfi olmamaqla yanaşı, həm də gözlənilən idi. Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Cozef Bayden seçkiqabağı təbliğatı zamanı Türkiyə məsələsinə toxunaraq bildirmişdi ki, “biz Ərdoğanın dinc yolla hakimiyyətdən getməsinə çalışacağıq”. Baydenin bu cür ifadə səsləndirməsini təsadüfi hesab etmək doğru olmaz. Uzun illərdir Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Türkiyə ABŞ-dan asılı olmayaraq, müstəqil siyasət yürüdür. 2002-ci ildən başlayaraq, Türkiyə daxildə siyasi və iqtisadi mühiti normallaşdırma yolunu tutmağı bacardı. Eyni zamanda PKK terrorundan əziyyət çəkən Türkiyə Ərdoğanın hakimiyyətə gəlişindən sonra terrora qarşı ciddi mübarizə aparmağa başladı. Qısa vaxtda uğurlu nəticələr əldə etməyi bacardı. Türkiyə təkcə ölkə daxilində deyil, eyni zamanda ölkə xaricində də ciddi uğurlar əldə etdi. Şimali İraqda və Suriyada “Zeytun budağı”, “Fərat qalxanı” və bir neçə hərbi əməliyyatlar keçirərək əraziləri terrorçulardan təmizlədi. Türkiyə silah sənayesində ciddi uğurlar əldə etməyi də bacardı. İstehsal etdiyi hərbi helikopterlər, tanklar, İHA və SİHA-larla dünyada ciddi səs-küyə səbəb oldu. Bu gün Türkiyə “Bayraktar TB2”, “Akıncı”, “Ağsunqur” və digər texniki silahlara görə dünyada ilk üçlükdə qərarlaşıb”. 
Analitik qeyd edib ki, Türkiyə regional məsələlərdə də ciddi rol oynamaqdadır: “Hətta demək olar ki, Türkiyənin rolu bəzi vaxtlarda həlledici olur. Türkiyənin 15 dövlətdə hərbi bazası məhz 2002-ci ildə, Ərdoğanın hakimiyyətə gəlişindən sonra baş tutub. Türkiyə Yaxın Şərqdə, istər Şimali Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiya və Balkanlarda böyük nüfuz qazanıb. Xüsusilə qeyd etmək lazımdır ki, “Ərəb baharı”ndan sonra Suriya və İraqda meydana gələn İŞİD terror qruplaşmasının sıradan çıxarılmasında qardaş ölkənin rolu danılmazdır. Eyni zamanda Qarabağ bölgəsinin erməni işğalından azad edilməsində, Şimali və Cənubi Sudanda vətəndaş müharibəsinin dayandırılmasında, Liviyanın qanuni hökumətinin qorunub saxlanmasında Türkiyənin böyük rolu oldu. Türkiyə Ukrayna ilə ciddi əlaqələrə sahibdir və tərəflər arasında hərbi sahədə sıx əməkdaşlıq mövcuddur. Rusiya ilə ciddi siyasi, iqtisadi və hərbi əlaqələrə malik olsa da Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaqını tanımadığını açıq şəkildə dilə gətirir”.

S.Hümbətov qeyd edib ki, Türkiyə bütün təzyiq və təhdidlərə baxmayaraq Aralıq dənizində haqqı olan ərazilərdə neft və qaz çalışmalarını uğurla davam etdirir: 

“Bir müddət əvvəl İstanbulda Türkdilli dövlətlərin başçıları bir araya gələrək “Türk Dövlətləri Təşkilatı”nı elan etdilər. Bəhs etdiyimiz bu uğurlara Türkiyə məhz Rəcəb Tayyib Ərdoğanın zamanında çatıb. Əlbəttə, Türkiyənin bu uğurları digər dövlətlər tərəfindən qəbul edilmir və bütün çirkin əməllərə əl atılır. Çoxsaylı təzyiqlərə sinə gəlməyi bacaran Türkiyə, bu çətinliklərin də öhdəsindən gələcək. Türkiyənin 2023-cü il hədəfi var və bu yolda uğurla addımlayır”.