Paşinyan növbəti dəfə riyakarlığın zirvəsini aşdı

Ermənistanın baş naziri Rusiyaya xoş gəlmək üçün bir neçə tezis səsləndirdi

Azərbaycanın şərtləri konkret və aydındır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, 10 noyabr və 11 yanvar bəyanatlarını icra etməli, sülh müqaviləsi imzalanmalıdır


Ermənistan Baş naziri Nikol Paşinyan Soçi görüşü öncəsi onlayn formatda keçirdiyi mətbuat konfransında bir sıra məqamlara toxunub. Baş nazir əvvəlki görüş təkliflərindən hansı səbəblərə görə imtina etdiyindən və qarşıdakı görüşlərdə nələrin müzakirə oluna biləcəyindən danışıb. Paşinyan vurğulayıb ki, 9 noyabr Ermənistan üçün ağır gündür, çünki ötən ilin həmin günü Ermənistan kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qalıb. Baş nazirin sözlərinə görə, 9 noyabr görüşünə hansısa konkret, məsələn, “əsirlərin” qaytarılması qərarı olacağı halda qatıla biləcəyini bildirib: “Ancaq aydın oldu ki, belə bir qərarın qəbulu mümkün deyil. Onda mən görüşün 15 noyabra keçirilməsini xahiş etdim. 

Daha sonra görüşün 26 noyabra, əyani keçirilməsi təklif edildi və mən razılaşdım”. Paşinyan bildirib ki, ilk dəfə olaraq Ermənistan və Azərbaycan müdafiə nazirləri arasında birbaşa əlaqə qurulacaq. Onun fikrincə, bu təşəbbüs tərəflərin qarşılıqlı olaraq atəşkəs rejiminin pozulmasında bir-birini ittiham etməsindən sonra ortaya çıxıb: “Mən Azərbaycan prezidentinin qərarını yüksək qiymətləndirirəm. Bunun nə qədər effektiv olduğunu zaman göstərəcək”. Baş nazir bəyan edib ki, Azərbaycan və Ermənistan sərhədlərin demarkasiya və delimitasiyası yönündə komissiyanın yaradılması ilə bağlı sənəd imzalaya bilər: “Suallardan belə başa düşürəm ki, demarkasiya və delimitasiya sənədlərinin imzalanacağı ilə bağlı təəssürat yaranıb. Belə bir şey yoxdur. Yeganə sənəd o ola bilər ki, Azərbaycan və Ermənistan demarkasiya və delimitasiya ilə bağlı komissiyanın yaradılması üçün sənəd imzalasın”. Paşinyan Zəngəzur dəhlizindən də söz açıb. Baş nazir iddia edib ki, Mehridən keçən kommunikasiyanın necə açılmasını yalnız Ermənistan həll edə bilər. O yenə bildirib ki, 10 noyabr bəyanatında “suveren dəhliz” formulu yoxdur: “Bəyanatın mətnində “dəhliz” sözü yalnız Laçınla bağlı işlədilib, hansı ki, rus sülhməramlılarının nəzarətindədir”. Kommunikasiyaların açılmasına gəlincə, Paşinyan deyib ki, 11 yanvar bəyanatına uyğun olaraq yaradılan işçi qrupu ölkələrin ərazi suverenliyi çərçivəsində, paritet əsaslarla istifadəsi ilə bağlı ümumi müzakirə aparır: “Başqa cür suverenlikdən necə danışmaq olar? Azərbaycan müəyyən edəcək ki, bizim ərazimizdən necə gəlib-keçəcək? Belə olmayacaq. Əgər biz hər şeyi güzəştə getmək və verməyə hazır olsaydıq, onda niyə bizə atəş açırdılar və hər tərəfdən bizə niyə aqressiya göstərirdilər ki?”. Paşinyan deyib ki, İrəvan Qarabağla bağlı danışıqların Minsk qrupu formatında dirçəldilməsinə çalışır: “Beynəlxalq hüquq dilində danışmaq lazımdır”. 

Ermənistanın hökumət başçısı anklavlardan da danışıb. Deyib ki, Azərbaycan bu məsələni 10 noyabr 2020-ci il bəyanatının müzakirəsinə də salmaq istəyirdi: 

“Bizim mövqeyimiz belədir: başa düşməliyik ki, xəritələrdə əks olunan anklavların hansı əsası var? Bunun hüquqi əsası var, ya yox? Bu, xəritədə sadəcə bir konturdur, yoxsa belə deyək, iki kolxoz arasında digərinə ərazi verməkdir? Biz ciddi şəkildə bu fəaliyyətin hüquqi əsası olduğuna şübhə edirik”. O bildirib ki, bu məsələyə demarkasiya və delimitasiya ilə bağlı yaradılması nəzərdə tutulan birgə komissiyada baxılmalıdır: “İrəvan bunların hüquqi əsaslarının anlaşılması üçün müzakirələrin əleyhinə deyil. Biz bilirik ki, dünyada anklavların ölkələrin sərhədləri içində qalması təcrübəsi var. Ancaq bundan əvvəl biz hüquqi əsasları anlamalıyıq”.

Paşinyanın məlum açıqlamaları ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi Aqşin Kərimov Ermənistan Baş naziri Rusiyaya xoş gəlmək üçün bir neçə tezis səsləndirib. Ekspertin sözlərinə görə, Paşinyan növbəti dəfə riyakarlığın zirvəsini adladığını nümayiş etdirib: 

“Paşinyanın siyasi-psixoloji portretinin cizgilərində riyakarlığa dair elementlər bütün mahiyyəti ilə göz önündədir. İndi onun Moskvaya ünvanlanan xoşməramlı müraciətləri də öz qaynağını həmin riyakarlıqdan götürür. 

Söhbət ondan gedir ki, Paşinyan ölkəsinin Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətində olmadığını bəyan edir. Halbuki, bundan əvvəl Paşinyan az qala KTMT-nin şantaj cəhdlərini ortaya qoyurdu. 2021-ci ilin may ayında Kəlbəcər, Laçın istiqamətlərində Ermənistanla sərhədin müəyyənləşdirilməsini hərbi müstəvidə başlayandan bir müddət sonra Paşinyan üzünü Qərbə tutdu. O təklif edirdi ki, sərhəddə ya KTMT, ya da NATO qüvvələri yerləşdirilsin. Bu, Ermənistanın üzvü olduğu KTMT-yə şantaj idi və Moskva bunun cəzasını müxtəlif zamanlarda verir. Noyabrın 16-da Ermənistan sərhədin Laçın, Kəlbəcər zonasında genişmiqyaslı hərbi təxribat törədib dərsini aldıqdan sonra yenidən Kremlə yalvarışqarışıq şantajını gündəmə gətirdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq  tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlama ilə çıxış etməsi bunun bariz nümunəsi idi. Paşinyan bu ilin noyabrın 9-da Rusiyanın təşəbbüsü ilə keçiriləcək üçtərəfli görüşdən imtina etdiyini etiraf etdi. Amma məsələnin mahiyyətinə fərqli formada təqdimat verməyə çalışdı. Guya, görüşdə erməni hərbçilərin geri qaytarılmasına dair razılıq əldə olunmayacağına görə görüşün noyabrın 15-nə təxirə salınmasını təklif edib. Əslində isə Paşinyan bu periodda Rusiyanın orbitindəki qırmızı xətti keçərək Qərbə üz tutmuşdu. Yəqin ki, onun sərhəddə təxribata imza atmasının kökündə də hansısa vədin güdazına getməsi dayanır”. 

A.Kərimov diqqətə çatdırıb ki, sərhəddəki toqquşmalar dayandıqdan sonra dekabrın 15-də liderlərin Brüsseldə görüşəcəyi açıqlandı. Bu onu göstərir ki, Paşinyan Rusiyadan xəbərsiz Avropa İttifaqı ilə sövdələşməyə getmişdi:

 “Əslində bu sövdələşmə tarixi sərhəd insidentlərindən də əvvələ təsadüf edirdi. Moskva isə bunu başa düşür və İrəvanı cəzalandırır. İndi Nikol Paşinyanın üzünü Kremlə çevirməsinin səbəbləri aydınlaşır. Bu, çarələri tükənən İrəvan üzərində diktələrin edilməsinin göstəricisidir. 

Görünür ki, Paşinyan ölkəsinin KTMT-dən çıxmayacağını bəyan etməklə Soçi görüşündən dividendlərlə çıxmaq niyyətlərini ortaya qoyur. Amma anlamır ki, görüşün harada keçirilməsindən asılı olmayaraq, Prezident İlham Əliyevin şərtləri konkret və aydındır. 

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, 10 noyabr və 11 yanvar bəyanatlarını icra etməli, sülh müqaviləsi imzalanmalıdır. Paşinyan bu cür təzyiqlərin altında inildəyərək “ya olum, ya ölüm” dilemması qarşısındadır. Bütün planları iflasa uğrayan Paşinyan üçün bu dilemmanın ortalığa çıxması labüd idi”.