Mişeldən Putinə gələn ZƏNG: “Qərb proseslərdən kənarda qalmaq istəmir”

Rusiya prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Onlar 10 noyabr  2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının yerinə yetirilməsindən danışıblar. Söhbət zamanı Rusiya  prezidenti V.Putin Ş. Mişelə Cənubi Qafqazda dinc yaşayışın bərqərar edilməsi, iqtisadi münasibətlərin və nəqliyyat əlaqələrinin  bərpası istiqamətində atılan addımlarla bağlı məlumat verib. Sonda bu məsələlərin Rusiya,Azərbaycan və Ermənistan arasında noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli görüş zamanı nəzərdən keçiriləcəyi qeyd edilib.

Maraqlıdır, noyabrın 26 Soçidə, dekabrın 15-də isə Brüsseldə baş tutacaq görüşlər öncəsi reallaşan telefon danışıqlarının nə kimi önəmi var? 

Mövzu ilə  bağlı “Sherg.az”a danışan siyasi şərhçi Rusif Məmmədsoy  proseslərin Rusiyanın vasitəçiliyi ilə həyata keçirildiyini xatırladıb. O bildirib ki, rəsmi Moskva Qərbi bacardıqca bu mövzudan uzaq saxlamağa çalışır:

“Brüssel görüşü bizim üçün önəmlidir. Çünki Nikol Paşinyan noyabrın ilk on günlüyündə təklif olunan görüşlərdən qaçdı. Ümummiyyətlə, danışıqlar masasına oturmaq mütləqdir. Biz üçtərəfli görüşdə tərəflərə yenidən xatırladacağıq ki, sizə humanist davranaraq barış əlimizi uzatdıq, sizsə öhdəliklərinizi yerinə yetirmədiniz. Bunu N.Paşinyana üzbəüz də demək lazımdır”.

 Siyasi şərhçi bu cür dialoqların mütləq olduğunu vurğulayıb və Ş.Mişelin Putinə zənginin ardında Qərbin maraqlarının  durduğunu söyləyib:

 “ATƏT mövcud proseslərdən kənarda qalmaq istəmir. Xüsusilə də Fransa. Əksər ekspert hesab edir ki, Soçi görüşündə hər hansısa bir irəliləyiş olmayacaq. Fikrimcə, burda müəyyən müsbət addımlar atılacaq. Bu hazırkı durumda labüddür. Rəsmi Moskva bunu çox gözəl bilir. Artıq həm Azərbaycan, həm də Ermənistan tərəfində Rusiyaya qarşı mənfi bir ritorika yaranıb. V.Putinin rəsmi İrəvanı delimitasiya və demarkasiya proseslərinə məcbur etməsinin zamanıdır. Bizim üçün savaş dönəmi bitib. Hazırda tərəflər öz öhdəliklərini yerinə yetiməilidir. Əks halda proses yenidən alovlana bilər. Bizim hədəflərimiz və şərtlərimiz var. Bunlara diqqət yetirmək lazımdır”.

Sonda kommunikasiyaların açılması məsələsinə toxunan R.Məmmədsoy bunun  bütün regionun  marağında olduğunu diqqətə çatdırıb:

“Zəngəzur dəhlizinin açılması daşınmalar baxımından olduqca əhəmiyyətli bir rola sahibdir. Bu səbəbdən dəhlizin tezliklə açılması üçün Ermənistan tərəfə yalnız Azərbaycan deyil, digər dövlətlər də təzyiq göstərməlidir. Qərb bunu çox gözəl başa düşür və özünü hər vəchlə danışıqlar prosesində iştiraka yönəldir”.