Paris səylərində səmimi və ardıcıl olmadı

Fransa ənənəsinə sadiq qalaraq separatizmə dəstək nümayiş etdirən addımlar atır

Bu günlərdə Azərbaycan ərazisində yaşayan erməni icma nümayəndələrinin Fransaya səfər etməsi və onların “dövlət nümayəndələri” kimi qarşılanması beynəlxalq hüquqa və siyasi-diplomatik etikaya ziddir”. Bu barədə millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, əslində, məsələ kimin özünü harada necə təqdim etməsi deyil, Fransa rəsmilərinin onları necə qəbul etməsidir: 

“Fransa bu qəbulu rəsmi status səviyyəsində edərək bir daha qanun və hüquq pozuntusuna yol verib. Təəssüf ki, bu, birinci hal deyil. Bənzər hadisələr dəfələrlə baş verib. Azərbaycanın bu cür qanun pozuntuları ilə müraciətlərinə isə Fransa standart diplomatik açıqlama ilə cavab verir. Rəsmi Paris belə görüşlərin fərdi müstəvidə qiymətləndirilməsinin lazım olduğunu diqqətə çatdırır. Əlbəttə, bu izah qaneedici deyil və ola da bilməz. 44 günlük Vətən müharibəsi zamanı Fransa işğalçı Ermənistana dəstək verməklə hər şeydən əvvəl ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizliyini itirdi. Sonra beynəlxalq hüquqazidd bəyanatları ilə özünün nüfuzuna xələl gətirən mövqe nümayiş etdirdi. Ancaq buna baxmayaraq, heç bir şey əldə edə bilmədi. Elə öz ölkəsinin rasional düşünməyi bacaran siyasətçiləri tərəfindən tənqidə məruz qaldı. Belə davranışlar nəticə etibarilə Azərbaycan-Fransa münasibətlərinə soyuqluq gətirdi. Ötən bir il ərzində Fransa öz xətalarını düzəltmək üçün bəzi cəhdlər göstərsə də, nə beynəlxalq ictimai rəydə, nə də Azərbaycanla münasibətlərdə ciddi bir məsafə qət edə bilmədi. Çünki səylərində ardıcıl və səmimi olmadı”. 

H.Babaoğlunun sözlərinə görə, Fransa ənənəsinə sadiq qalaraq separatizmə dəstək nümayiş etdirən addımlar atdı: 

“Fransa Xarici İşlər Nazirliyinin icazəsi olmadan heç bir rəsmi qurum, o cümlədən Fransa senatının üzvü özünü “nazir” kimi təqdim edən separatçı Ayk Xanumyanı qəbul edə bilməz. Yaxşı xatırlayırıq ki, Fransa senatının üzvü Retay hələ 2020-ci ildə qondarma rejimin tanınması ilə bağlı Fransa senatına qanun layihəsi təqdim etmişdi. 

İndi isə öz rəsmi tviter səhifəsində bu qeyri-qanuni görüşü paylaşmaqla informasiya manipulyasiyası edir. Bütün bunlar isə Azərbaycanın diqqətindən yayınmır. 

Hələ bir neçə il əvvəl Qarabağda yaradılmış qeyri-qanuni inzibati ərazi vahidləri ilə qardaşlaşma haqqında anlaşma imzalayan bəzi fransız bələdiyyələrinin qərarları elə Fransa məhkəmələri tərəfindən ləğv edilmiş, bunların Fransa qanunlarına və beynəlxalq hüquqazidd olduğu əsas götürülmüşdü.

  Bütün bunlara baxmayaraq, yenidən bənzər hərəkətlər etmək məqsədyönlü addım kimi qiymətləndirilə bilər”.