Əliyev - Putin görüşü: “Açıq qalan məsələlərin həllində dönüş...” - AKTUAL

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub.
Danışıqlar zamanı V. Putin deyib ki,  Dağlıq Qarabağ məsələsinin nizamlanmasında rus sülhməramlılar da müsbət rol oynayırlar:

“Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir”.

Azərbaycan lideri İlham Əliyev qeyd edib ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb:

“Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq”.

Əvvəlcədən planlaşdırıldığı kimi görüşdə hərbi-siyasi mövzuların ağırlıq təşkil etdiyini söyləyən analitik Aqşin Kərimov diqqətə çatdırıb ki, V.Putin Rusiya sülhməramlıları üçün işğaldan azad edilən ərazilərdə məsuliyyət zonasının yaradılması məsələsinə toxunub və sülhməramlıların rolunu müsbət qiymətləndirib:

"Ağdamdakı atəşkəsə nəzarət üzrə yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rolunu yüksək qiymətləndirib, ancaq sülhməramlıların nəzarətində olan zonada insidentlərin olduğunu da dilə gətirib:

“Təəssüf ki, problemlər və insidentlər var. Hələ də itkilər var. Biz elə bunun üçün toplaşmışıq. Görək nə edilib, nə etmək lazımdır, hər kəs nə etməlidir ki, nəinki belə bir şey yaşansın, əksinə, vəziyyəti sakitləşdirmək və bölgədə vəziyyəti elə keyfiyyətdə inkişaf etdirmək üçün şərait yaradılsın ki, insanların sülh şəraitində yaşamasına və ölkələrin inkişaf etməsinə imkan yaransın”.

Kreml başçısının bəyanatının mahiyyətində gizlənən budur ki, rəsmi Moskva altında Putinin imzası olan 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının icrası üçün səylərini intensivləşdirəcək. Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ciddi insidentlərin olmadığını deyib. Əslində burada ciddi insident məsələsi sərhədlə müqayisə kontekstində işlədilib. Yəni, Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalara nisbətdə sülhməramlıların zonasındakı ərazilərdə böyük toqquşmalar olmayıb. İlham Əliyevin sərhəddəki insidentlərin sülhməramlıların nəzarət zonasında olmayan ərazilərdə baş verməsini xatırlatması da belə deməyə əsas verir.
Ancaq bu o anlama gəlmir ki, Azərbaycan lideri Qarabağda insident olmadığını bəyan edir. Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub, lakin bu ərazi Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bütün bunlar bizi üçtərəfli format da daxil olmaqla hadisələri diqqətlə nəzərdən keçirməyə və riskləri necə idarə etmək və minimuma endirmək barədə danışmağa məcbur edir”, - deyə İlham Əliyev söyləyib.

İlham Əliyev ümumilikdə Vladimir Putinin şəxsi rolunu və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib.
Onun “gələn il bu işdə yaxşı nəticələrə ümid edirik” deməsi belə qənaət yaradır ki, 2022-ci ildə açıq qalan məsələlərin həllində nəticə əsaslı dönüş yarana bilər”.