Paşinyanın bir fəaliyyəti var, publikaya oynayır

Baş nazirin səsləndirdiyi neqativ, yaxud pozitiv bəyanatlara fikir vermək lazım deyil 

"İrəvan adından çıxış edən əsas tərəf məhz Rusiyadır. Moskvanın da niyyəti və maraqları bəllidir"

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçi görüşündən öncə Zəngəzur bölgəsinin - Qafan, Meğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərləri ilə görüşüb. Bölgənin problemlərinə toxunan Nikol Paşinyan dolayı yolla Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib. Hökumət başçısı İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdan danışıb. O, yerli sakinləri Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməyə çağırıb: “Biz otuz il özümüzü aldatdıq və nəhayət, indi baş verənlər oldu”. 

Paşinyan bildirib ki, Ermənistan Zəngəzurdan keçib Naxçıvana gedən yolu bağlaya bilməz: “Çünki Azərbaycan Prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”. Xatırladaq ki, Nikol Paşinyan üç gün öncə sosial şəbəkədə jurnalistlərin suallarını cavablandırarkən absurd ifadələr səsləndirmiş, 10 noyabr üçtərəfli bəyanatında dəhlizlə bağlı heç bir müddəanın olmadığını bəyan etmişdi. Paşinyanın digər açıqlamaları da aqressiv tonda idi. Lakin Soçi görüşündən bir gün öncə erməni baş nazir tamamilə fərqli ifadələr seçib. 

Paşinyanın ziddiyyətli mövqeyi və açıqlamaları ilə bağlı “Şərq”ə danışan politoloq Azər Qasımov bir qədər fərqli fikir səsləndirib. Analitik bildirib ki, Paşinyan məqsədyönlü şəkildə öz bəyanatlarını tez-tez dəyişir, hər dəfə bir-birinə zidd açıqlamalar verir. Ekspertin sözlərinə görə, baş nazir ikili yanaşmalarla özü haqda qeyri-ciddi fiqur obrazı yaratmağa çalışır:

 “Yəni “Şahın təlxəyi” rolunda çıxış edir. Bəzən doğru hesab etdiklərini, bəzən isə doğru hesab edilənləri deyir, amma heç vaxt sözlərinə görə məsuliyyət daşımır. O baxımdan Soçi görüşü öncəsi səsləndirdiyi neqativ, yaxud pozitiv bəyanatlara fikir vermək lazım deyil. Hər kəs Paşinyanın səlahiyyət çərçivəsini, nəyi edib, nəyi edə bilməyəcəyini çox yaxşı bilir. Hazırda baş nazirin yeganə fəaliyyəti publikaya oynamaqdır. İrəvan adından çıxış edən əsas tərəf məhz Rusiyadır. Moskvanın da niyyəti və maraqları bəllidir. Azərbaycan tərəfi kifayət qədər ciddi məsələləri Paşinyanın kaprizlərinə buraxmamalıdır. Hər zaman güc amilini gündəmdə saxlamalıyıq. Çünki əmin olun, prosesdə son nöqtəni güc amili qoyacaq, Paşinyanın sərsəm bəyanatları yox”.