Millət vəkili: Zəngəzur dəhlizi ilə bağlı  məsələ hələ də açıq qalır

Bu istiqamətdə Azərbaycan öz üzərinə düşən məsələləri icra edir

"Soçidə keçirilən üçtərəfli görüşün əhəmiyyəti çox olacaq".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat vurğulayıb ki, əslində bu görüşün 9 noyabrda keçiriləcəyi ilə bağlı məlumatlar səslənirdi. Amma Paşinyanın vəziyyəti manipulyasiya etmək cəhdləri görüşü təxirə saldı: 

"Ermənistanın 16 noyabrdakı təxribatının qarşısını qətiyyətlə almağımız Paşinyanın yenidən prezident Putinə yalvarmasına və üçtərəfli görüşün keçirilməsinin göndəmə gəlməsinə səbəb oldu. Təbii ki, 10 noyabrda və 11 yanvarda imzalanmış üçtərəfli bəyanatların icrasını Ermənistanın süni şəkildə yubatması və növbəti təxribatların qarşısını qətiyyətlə almağımız bu görüşü aktuallaşdırmışdı. Gözləntilərimiz bəllidir. İlk növbədə ölkələrimizin ərazi bütövlüyünün rəsmən tanınmasına xidmət edəcək dövlət sərhəd məsələləri müzakirə olunaraq müəyyən qərar qəbul olunmalı və yekun sülh müqaviləsinin imzalanmasına xidmət edəcək addımlar atılmalıdır".

A.Badamov bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı  məsələ hələ də açıq qalır və bu istiqamətdə Azərbaycan öz üzərinə düşən məsələləri icra edir: 

"Amma Ermənistan hələ də öz saxta iddialarından əl çəkmir. Paşinyan sərsəm fikirlər səsləndirməkdə davam edir. O baxımdan regionda davamlı sülhün bərpası və əməkdaşlıq mühütinün formalaşmasında yarımçıq qalmış məsələlər müzakirə edilərək icra olunmalıdır. Gələcəkdə müəyyənləşəcək məsələlər üçün yeni bir yol xəritəsi imzalanmalıdır".