Tokayev ölkədəki diplomatik nümayəndəliklərin qorunması ilə bağlı göstəriş verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində baş verən iğtişaşlarla əlaqədar bir sıra göstərişlər verib.
Qərara alınıb ki, hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi, günahkarların müəyyən edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilməsi üçün Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Komitəsinin və digər səlahiyyətli strukturların nümayəndələrindən ibarət xüsusi istintaq qrupu yaradılsın.

Silahlı Qüvvələr, Milli Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi, Milli Qvardiya və digər güc strukturları döyüş hazırlığının və texnikasının artırılması, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin qorunması istiqamətində tədbirlər həyata keçirsinlər.

İğtişaşlar nəticəsində dəymiş zərərin məbləğini qiymətləndirmək üçün komissiya yaradılsın və vəziyyət sabitləşdikdən sonra Almatıda və digər regionlarda inzibati binaların, sosial obyektlərin, yaşayış binalarının bərpası işlərinə başlanılsın.

K.Tokayevin göstərişinə əsasən hüquq-mühafizə orqanlarına, həmçinin ölkədəki diplomatik nümayəndəliklərin, xarici investisiya subyektlərinin və xarici şirkətlərin bizneslərinin təhlükəsizliyinin qorunması üçün tədbirlər görülməsi tapşırılıb.