Rusiya XİN: Qazaxıstanda daha təsirli addımlar atılacaq

 Rusiya Qazaxıstanda baş verənləri dövlətin təhlükəsizliyini və bütövlüyünü zorla pozmaq üçün “xaricdən ilhamlanmış cəhd” kimi qiymətləndirir.
“Sherg.az” “İzvestiya.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə deyilir: 

“Biz dost ölkədə baş verən son hadisələri xaricdən ilhamlanmış, təlim keçmiş və mütəşəkkil silahlı birləşmələrdən istifadə etməklə dövlətin təhlükəsizliyini və bütövlüyünü güc yolu ilə pozmaq cəhdi kimi qiymətləndiririk”.

Nazirlik Rusiya tərəfinin Qazaxıstanda normal həyatın tezliklə bərpa olunmasında maraqlı olduğunu vurğulayıb:

“Rusiya Federasiyası Qazaxıstan tərəfi və KTMT-dəki digər müttəfiqləri ilə sıx məsləhətləşmələri davam etdirəcək. Lazım gələrsə, daha təsirli addımlar atılacaq. İlk növbədə Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatının keçirilməsini asanlaşdırmaq, istisnasız olaraq bu ölkənin bütün mülki əhalisinin, eləcə də həyati vacib infrastruktur obyektlərinin təhlükəsizliyini, onların blokdan çıxarılmasını və Qazaxıstan hakimiyyətinin nəzarəti altına qaytarılmasını təmin edəcək”.

Çimnaz ŞAHLAR