“Qazaxıstanın müstəqil siyasət xətti sıradan çıxacaq” – AKTUAL ŞƏRH 

Yanvarın 6-sı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. XİN rəhbərləri telefon söhbətində ikitərəfli münasibətləri, qarşıdan gələn NATO-Rusiya Şurası toplantısı, həmçinin Qazaxıstan, Bosniya və Herseqovina, Qafqazdakı cari vəziyyəti müzakirə ediblər.

Müzakirə olunan məsələlərə baxış keçirək. Cənubi Qafqazda Azərbaycanla-Ermənistan arasında olan gərginlik yavaş-yavaş müsbətə doğru irəliləyir. NATO-Rusiya münasibətlərində soyuqluq davam etməkdədir. Gündəmi zəbt edən Qazaxıstanda gedən proseslər isə getdikcə şiddətli hal alır.

Müzakirənin “kod”larını açan siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a vurğulayıb ki, Qazaxıstanda baş verənlər Rusiyanın maraqlarına uyğundur:

“İllərdir ki, NATO ilə Rusiya arasında böyük qarşıdurma var. Gərginliyin alovlanmasına Rusiyanın Ukraynaya aid olan Krım bölgəsini işğal etməsi səbəb olub. Əgər iki ölkə arasında hərbi toqquşma olardısa, NATO münaqişəyə müdaxilə edə bilərdi. Türkiyənin də NATO-nun müttəfiqi kimi münaqişədə aktiv iştirak edəcəyi bəlli idi. Lakin hadisələr başqa cür cərəyan etdi. Ukrayna-Rusiya sərhədində gözlənilən toqquşma olmadı. Əvəzində isə Qazaxıstanda qarışıqlıq yarandı. Çavuşoğlu ilə Lavrov arasında baş tutan telefon danışığı sübut etdi ki, Türkiyə-Rusiya əməkdaşlığı Cənubi Qafqazda uğurlu alındığı kimi Mərkəzi Asiyada da uğurlu olacaq. Zənnimcə, Mərkəzi Asiyanın təhlükəsizliyi Türkiyə-Rusiya tərəfindən həll edilə bilər. Nazarbayev getdi, KTMT Qazaxıstana gəldi. Qeyd edim ki, Nazarbayevin dövründə Qərb və Rusiya ilə balans siyasəti qorunurdu. Sonrakı dövrdə Qazaxıstanın müstəqil siyasət xətti sıradan çıxacaq. Ən önəmli olay isə Rusiyanın masada oturmağı qəbul etməyəcəyi ilə bağlı mühüm mesaj verməsi oldu”.

Xanlar ƏLİBƏY