Azərbaycanın Qərblə əməkdaşlığı Rusiyanın ürəyincə deyil

"Kreml xarici siyasətdə atdığımız addımları “bəyənməyəndə” Qarabağda atəş səsləri yüksəlir"


“Avropa İttifaqı ilə Azərbaycan arasında qaz tədarükünün artırılması istiqamətində danışıqlar, “Çərçivə sazişinin” imzalanması haqqında mesaj separatçıların silahlı təxribatına rəvac verdi”. Bunu “Şərq”ə Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Partiya rəsmisi bildirib ki, Qapanlı kəndinin atəşə tutulması və daha öncə Suqovuşan-Kəlbəcər yolunda mülki maşınların separatçılar tərəfindən “yoxlanılması” Azərbaycanın apardığı siyasətə qarşı demarşdır: “Rusiya tərəfi Azərbaycanın Qərblə əməkdaşlığını inkişaf etdirməsinə Qarabağda separatçı silahlı erməni birləşmələrinin əli ilə təzyiq göstərir. Silahlı erməni birləşmələrinin Rusiya tərəfindən qorunmasının əsas səbəbi budur. Məqsəd Azərbaycana təzyiq edərək regionda təsir gücünü saxlamaqdır”. 

Politoloq vurğulayıb ki, 10 noyabr bəyannaməsinin 4-cü bəndinin yerinə yetirilməməsi və silahlı erməni birləşmələrinin fəaliyyətini artırması rəsmi Bakını hərəkətə gətirməlidir: “Kreml xarici siyasətdə atdığımız addımları “bəyənməyəndə” Qarabağda atəş səsləri yüksəlir. Buna birdəfəlik son verməyin zamanıdır. Silahlı erməni birləşmələrinin ləğvi gündəmə gətirilməlidir. Rusiya sülhməramlı qüvvələri erməni silahlılarına hərbi-lojistik dəstək verir. Silahlılar üçün kazarma və mühəndis istehkam işləri aparılır. Buna biganə yanaşmaq olmaz”.