Gələcək yoxdur... - Əcnəbilər mülklərini satıb ölkəni tərk edirlər

Artıq cəmiyyət də Ermənistan rəhbərliyinin yalançı statistikalarına inanmırlar

   Ermənistandakı qeyri-sabit siyasi-iqtisadi vəziyyət əcnəbilərin ölkədən getməsinə gətirib çıxarıb. Ermənistanın əmlak alqı-satqısı üzrə statistik göstəricilərinə əsasən ötən il əcnəbilərin Ermənistandakı əmlaklarını satması əvvəlki illərlə müqayisədə 2-3 dəfədən çox artıb. 2021-ci ildə Ermənistanda 3155 əmlak satılıb. Bu da artıq Ermənistandakı əcnəbilərin ölkəyə etibarının itdiyinin və tezliklə ölkəni tərk etmək istəməsinin göstəricisidir. Ermənistanın kənd təsərrüfatına yatırım edən əcnəbilər də artıq ölkədən getməyə çalışırlar. 2021-ci il ərzində Ermənistanda xarici ölkə vətəndaşları tərəfindən kənd təsərrüfatına yararlı 5 torpaq sahəsi alınıb

Qarşılığında isə 516 bu tipli torpaq sahəsi əcnəbilər tərəfindən satılıb. Yəni artıq xarici vətəndaşların Ermənistan kənd təsərrüfatı torpaqlarına marağı kəskin azalıb. Ermənistanda əmlaklarını satan əcnəbilər arasında Rusiya vətəndaşları isə daha çoxdur. Rusiya vətəndaşları tərəfindən Ermənistanda 1627 mənzil satılıb və əvəzində cəmi 560 mənzil alınıb. Görünən odur ki, Rusiya vətəndaşları Ermənistandakı daşınmaz əmlaklarından tez bir zamanda qurtulmağa çalışırlar. Qeyd edək ki, Ermənistandakı Rusiya vətəndaşlarının əksəriyyətini heç də ruslar deyil, onların əksəriyyəti Rusiya vətəndaşlığı almış ermənilərdir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda yaranmış çətin vəziyyət onların marağının azalmasına səbəb olub.

Siyasi şərhçi Anar İmanov “Şərq”ə bildirib ki, Ermənistandan qaçanların hamısı bilir ki, Ermənistanın gələcəyi yoxdur. Analitik vurğulayıb ki, müharibədə məğlub olan Ermənistan sülh müqaviləsini imzalamalı, gələcəyə hədəflənmiş addımları atmalıdır:

 “Amma biz bunu görmürük. Əvəzində Ermənistan təxribatlara əl atır, oradakı bəzi faşist elementlər yenə başlarını qaldırır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın atdığı və yaxud vaxtında atmadığı addımlar ölkəni daha da böyük faciəyə sürükləyir. İmkanı olan ölkədən qaçır, imkanı olmayan isə növbəsini gözləyir, yaxın gələcəkdə qaçmağı düşünür. Son illərdə Ermənistanda tənəzzül daha da dərinləşib. Əhali ölkədən qaçır, sosial vəziyyət pisləşib. Getdikcə Ermənistan mediasında ölkənin pis vəziyyətə düşməsi haqqında yazılar çoxalır. Əcnəbilərə gəldikdə, qeyd edim ki, son 4 ildə onlar 5 min 845 mənzil satıblar. Satanların çoxu Rusiya vətəndaşlarıdır. Bunların da çoxusu kütləvi halda emiqrasiya edən, Rusiya vətəndaşlığını qəbul edən ermənilərdir. Yəni ermənilərin çoxu artıq Ermənistanla bütün bağları qırırlar. Onlar bu ölkədə yaşamaq istəmir və birdəfəlik oranı tərk edirlər. Rəsmi statistikaya görə, keçən il 103 min erməni ölkəni tərk edib. Bu da ümumi əhalinin 3 faizinə bərabərdir. 1991-ci ildən hesablayanda bu rəqəmlər 600 min və 15 faizdir. Bu gedişlə, ölkədən qaçış dayanmasa, ya da azalmasa, uzağı 30 ilə Ermənistanda heç kim qalmayacaq”.

Ekspert vurğulayıb ki, ölkə üçün acınacaqlı, biabırçı vəziyyətdə ölkə rəhbərliyi əhaliyə nağıl danışır, əldə olunan “yüksək göstəricilərdən” bəhs edir: 

“Onun yalanlarını isə elə Ermənistanda qalan iqtisadçılar ifşa edir. Məsələn, iqtisadçı Suren Parsyan Ermənistanın 2021-ci ildə “rekord” iş sayına şübhə ilə yanaşır. Deyir ki, “Əgər söhbət 650 min iş yerindən, yəni 2020-ci illə müqayisədə 50 min iş yerindən, orta əmək haqqının isə 7,8 faiz artımından gedirsə, bu, büdcəyə vergi daxilolmalarının artması ilə ifadə edilməli idi. Yəni əmək haqqından tutulan vergilər artmalı idi.

 Lakin ötən illə müqayisədə biz cəmi 3-4 faiz artım görürük”. İqtisadçının fikrincə, bunun iki izahı ola bilər: ya iş yerlərinin sayı səhv göstərilib, ya da dövlət vergiləri yığa bilməyib.

 İqtisadçı hesab edir ki, qeydiyyatdan keçmiş iş yerləri əslində yeni deyil, sadəcə olaraq, əvvəllər qeydiyyatdan keçməyənlər “kölgədən” çıxıb. Ona görə də bu rəqəmlər insanların həyat səviyyəsini heç bir şəkildə yaxşılaşdırmadı. Parsyan rəsmi statistikada da yoxsulluğun səviyyəsinin artdığını xatırladır. 

Onun fikrincə, ölkədə inflyasiya daha da artacaq və bu, əhalinin kəskin yoxsullaşmasına gətirib çıxaracaq. Bu isə nəticədə emiqrasiyaya daha güclü təkan verəcək”.