Ermənilər hələ də xülya ilə yaşayırlar

Türkiyə ilə əlaqələrin qurulmasına ehtiyat edənlər də var

ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirib. Sorğunun nəticələrinə görə, ermənilərin yarısına qədəri Türkiyə ilə əlaqələrin qurulmasından ehtiyat edir. Ermənilərinin fikrincə, Ankaranın “erməni soyqrımını” tanıması və Qarabağ məsələsində neytral mövqedən çıxış etməsi halında Ermənistanın Türkiyə ilə münasibətlər qurması mümkün ola bilər. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Ermənistan müharibədə məğlub olub, gələcəyi şübhə altındadır. Amma yenə də qonşuları ilə “şərtlərin diliylə” danışır: 

“Maraqlıdır ki, Ankara-İrəvan dialoqa başlasa da, sorğuya qatılanların müəyyən faizi Ermənistan üçün “ən böyük təhlükə”nin Türkiyə olduğunu bildirirlər. Soğruya qatılan ermənilərin 77 faizi Azərbaycanı Ermənistan üçün “təhlükə” görür. Ermənistan müharibədə Azərbaycana məğlub olub. İki ölkə arasında gərginlik davam edir, ancaq ermənilərin əksəriyyəti Türkiyəni Ermənistan üçün Azərbaycandan daha “təhlükəli” hesab edirlər. Buna baxmayaraq, “təhlükəli” adlandırdıqları ölkə ilə sərhədləri açmaq, diplomatik münasibətlər qurmaq və alış-verişə başlamaq istəyirlər. Bu da başqa nonsensdir”. 

E.Şahinoğlu bəyan edib ki, sorğunun Qarabağla bağlı hissəsinə aid cavablar göstərir ki, ermənilər hələ də xülya ilə yaşayırlar: “Qarabağ problemi necə həll olunmalıdır” sualına verilən cavablar içərisində iki variant diqqəti cəlb edib. Ermənistana birləşdirilməlidir - 16 faiz”, “Rusiyaya birləşdirilməlidir - 11 faiz”.  

“Ermənistana birləşdirilməlidir” bağlı sayıqlama köhnədən var. Ancaq “Rusiyaya birləşdirilmə” mövzusu yenidir. İkinci Qarabağ müharibəsindən əvvəl ermənilərin heç biri “Qarabağın Rusiyaya birləşdirilməsi” haqqında danışmazdı.

 Arxayın idilər ki, işğal ömürlükdür. İndi isə ermənilərin bir qismi baş nazirləri Nikol Paşinyan kimi anlayıblar ki, Qarabağ artıq onlarlıq deyil, məsələni “Rusiyaya yükləmək” lazımdır. Kreml Qarabağ ətrafındakı bütün separatçıları özününkü sayır. Rusiya hərbçilərinin Qarabağda varlıqları cəmi bir ildən bir az artıq müddəti əhatə etsə də, onların iştirakı ilə onlarla təxribat faktını qeydə almışıq və bunun sonu görünmür, elə bu günlərdə separatçıların lideri Araik Arutyunyanı yenidən Moskvaya çağırıblar. Belə olan halda “11 faizin” haradan yarandığı aydın olur”.