Səbrimizi sınağa çəkirlər

Sülhməramlıların seyrçi mövqeyi Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur

Son günlər sülhməramlıların nəzarətindəki ərazilərimizdə separatçıların təxribatlarının davamlı xarakter aldığı müşahidə olunur. Tərtərin atəşə tutulması, Xocalıda aktiv tikintinin aparılması, Tranşeylərin qazılması, “Bakcell”in əməkdaşının güllələnməsi, separatçıların davamlı təxribatçı bəyanatlar səsləndirməsi, “Artsaxın işğalı haqqında” qanun layihəsinin hazırlanması barədə fikirlər və digər təxribat əməlləri bu fikri bir daha təsdiq edir. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, sülhməramlıların erməni təxribatlarına seyrçi qalması, reaksiya verməməsi, bir sıra hallarda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur. Deputatın sözlərinə görə, sülhməramlıların əsas missiyası atəşkəsə əməl edilməsinə nəzarət etmək, bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgə yaşayışı təmin etməkdir: 

“Təəssüf ki, sülhməramlıların bu məsələlərlə bağlı hansısa ciddi addımlar atdıqları müşahidə olunmur. Əksinə, onların başları burada humanitar aksiyalara qarışıb. Bir gün məktəb, ev tikintisi həyata keçirir, su daşıyır, ərzaq paylayır, o biri gün məktəblərdə şagirdlərlə görüşlər keçirirlər. Ermənilər də bundan istifadə edərək öz xəbis və məkrli niyyətlərini həyata keçirməyə davam edir, yeni təxribatlar törətməyə çalışırlar. Bu təxribatlara mütləq son qoyulmalıdır. Separatçılar unutmasınlar ki, dəmir yumruq hər zaman hazırdır. Əgər belə təxribatlar davam etsə bunun cavabı çox sərt və ağır olacaq. Azərbaycan bölgəyə davamlı sülhün gəlməsinə çalışır, bütün addımlar buna hesablanıb. Bölgənin inkişafı davamlı sülhdən çox asılıdır. Ermənistan konkret mövqe bildirməlidir. Əgər sülh istəyirsə Azərbaycan sülhə hazırdır. Yox, məqsəd müharibə, Azərbaycanın səbrini sınağa çəkməkdirsə Azərbaycan müharibəyə hazırdır. Ancaq bunun aqibəti ermənilər üçün heç yaxşı olmayacaq”.

Parlament üzvü əlavə edib ki, erməni xalqı hələ də unutqanlıq xəstəliyindən sağalmayıb:

 “Başlarına gələnləri çox tez unudurlar. Ermənilər Vətən müharibəsində öz çirkin əməlləri ucbatından yaşadıqları acı müsibətlərdən çox ciddi nəticələr çıxarmalıdırlar. Nə qədər gec deyil, separatçılar bu barədə ciddi düşünməlidir. Onların bir yolu var, o da sülhə razılaşmaq və yekun müqaviləni imzalamaqdır. Digər bütün cəhdlərin nəticəsi uğursuz və ağır olacaq. Heç kim Azərbaycanın səbrini zorlamağa cəhd etməsin”.