Ankara İrəvana heç bir güzəştə getməyəcək

Fundamental məqamlar həllini tapmayanadək normallaşmadan danışmaq yersizdir

   Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin növbəti görüşü fevralın 24-də Avstriyanın paytaxtı Vyanada baş tutacaq. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan deyib ki, İrəvan tərəfi Vyanadakı görüşdə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, həmçinin sərhədlərin açılması məsələlərinin müzakirəsini gözləyir. Onun sözlərinə görə, Antalyada keçiriləcək forumda iştirak məsələsi daha çox İrəvan və Ankaranın xüsusi nümayəndələrinin Vyanada apardıqları danışıqların nəticəsindən asılıdır. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanda narahatlıq yaratmır. 

Nazirin sözlərinə görə, əksinə, Azərbaycan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesini dəstəkləyir: “Onsuz da Azərbaycanla məsləhətləşmədən, koordinasiya etmədən biz hər hansı addım atmamışıq, atmayacağıq da. Azərbaycan da bizim Ermənistanla birbaşa təmaslarda olmağımızı seçir. Bəzi məsələləri birbaşa təmaslarla müzakirə etməyimiz lazımdır. Cənubi Qafqazda olan problem Azərbaycanın Qarabağ zəfəri ilə başa çatdı. Bundan sonra bölgədə sülhə nail olmaq lazımdır, əməkdaşlıq olmalıdır. Bölgədə əhəmiyyətli layihələri həyata keçirərək bölgənin iqtisadi cəhətdən yüksəlməsi üçün fəaliyyət göstərməliyik. Bunun üçün də bütün ölkələr eyni düşüncədə olmalıdır. Bölgədə yaranan fürsətləri yaxşı dəyərləndirmək lazımdır. Biz savaşdan dərhal sonra müsbət mesajlar verdik. Ermənistan dərs alarsa, bölgənin sabitliyi üçün addımlar atarıq, münasibətləri normallaşdırarıq”. 

Türkiyə-Ermənistan münasibətləri ilə bağlı fikirlərini “Şərq”lə bölüşən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, İrəvanın addımları onun normallaşma prosesinə hazır olmadığını göstərir. Partiya sədrinin sözlərinə görə, Ankara-İrəvan arasında gedən müzakirələr, atılan müəyyən addımlar cari məsələlərdir: 

“Prinsipial məsələlər həllini gözləyir. Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından rəsmən vaz keçməyib. Həmçinin, Ağrı dağının əks olunduğu gerbini də dəyişməyib. Eyni zamanda qondarma “erməni soyqırımı” məsələsi də gündəmdən çıxmayıb. Hazırda Türkiyə-Ermənistan münasibətləri hava nəqliyyatındakı “çarter reyslərə” bənzəyir. Belə görüşlər uzun müddət davam edəcək. Ermənilər türklərə qarşı düşmənçilikdən əl çəkə bilmirlər. Ona görə də Türkiyə erməni tərəfində güzəştə getmir. Yəni fundamental məqamlar həllini tapmayanadək normallaşmadan danışmaq yersizdir”.