Barmaq izi görünür, oyun qaydaları dəyişməyib

Kreml Bakıya siyasi mesajlar çatdırmaq istəyir

Qarabağda erməni təxribatları planlıdır, rus sülhməramlıları əvvəlcədən məlumatlandırılır

    “Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə erməni təxribatları təsadüfi deyil. Rus sülhməramlıları həmin təxribatları sadəcə, müşahidə edirlər”. Bu barədə “Şərq”ə politoloq Elçin Xalidbəyli deyib. Ekspert bildirib ki, bu, onu göstərir ki, erməni təxribatları planlı xarakter daşıyır və rus sülhməramlı qüvvələri əvvəlcədən məlumatlandırılır: “Bir müddət öncə erməni separatçının rus sülhməramlıları ilə birlikdə Azərbaycanın yük maşınlarının yoxlanılmasında iştirak etməsi də Kremlin rəsmi Bakıya hansısa siyasi mesajlar çatdırmaq istədiyini göstərir. 

Böyük ehtimalla Xankəndi və ətraf bölgədə, eləcə də, silahlı insidentlərin törədilməsində əsasən iki səbəb ola bilər. Birincisi, Kremldə anlayırlar ki, rəsmi Bakı rus sülhməramlıların ilk müvəqqəti dislokasiya müddəti sona çatdıqdan sonra onların Azərbaycan ərazisindən çıxarılmasını tələb etməyə üstünlük verə bilər. Ona görə də, rus sülhməramlı qüvvələrin Xankəndi və ətraf bölgədə fəaliyyəti gərginliyin artırılması istiqamətində qurulub. Əsas məqsəd rus sülhməramlıların bölgədə hələ uzun müddət qalmasına ehtiyac olduğu barədə rəy yaratmaqdır. İkinci önəmli məqam isə Rusiyanın Azərbaycan tərəfindən müstəqil siyasət yürüdülməsindən ciddi şəkildə narahat olması ilə bağlı ola bilər. Çünki Kreml Ukrayna böhranına, eləcə də, ABŞ və NATO ilə qarşıdurmaya münasibətdə Azərbaycanı Rusiyanın yanında görmək istəyir. Azərbaycan isə bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Digər tərəfdən isə Rusiyanın ABŞ və NATO ilə qarşıdurmasından məsafə saxlamağa çalışır. Bu isə Kremli qətiyyən qane etmir”.

E.Xalidbəyli vurğulayıb ki, Azərbaycanın Avropa Birliyi üçün enerji mənbələri üzrə alternativ qatmağa çevrilməyə başlaması da Rusiyanın maraqlarına qətiyyən cavab vermir: 

“Çünki Rusiyanın enerji resursları Avropa Birliyi ölkələrinə təzyiq baxımından, Kremlin əlində önəmli faktordur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirak etməsi isə Rusiyanın əlindəki bu faktorun təsirini ciddi şəkildə zəiflədə bilər. Ona görə də, Kreml Azərbaycana qarşı erməni faktorundan istifadə etməklə təzyiq göstərməyə çalışır. Halbuki, Kremldə də anlayırlar ki, hazırda Azərbaycana təzyiq göstərmək o qədər də effektiv metod deyil. Hər halda, NATO ölkəsi olan Türkiyə ilə hərbi müttəfiqlik münasibətləri Azərbaycanı Rusiyanın təzyiqlərindən qorumaq imkanındadır. Bütün bunları nəzərə aldıqda, Rusiyanın erməni faktoru üzərindən Azərbaycana təzyiq göstərmək cəhdləri hələ bir müddət davam edə bilər. Ermənistan isə Rusiyanın maraqlarında müəyyən dəyişikliklər olduğunu hiss edir. Ona görə də, bu situasiyadan yararlanmağa cəhd göstərir. Rəsmi İrəvan Ermənistan üçün uğursuz geopolitik şərtləri dəyişə biləcəyinə hələ də ümid bəsləyir. Ancaq bu ümidlərin doğrulma ehtimalı demək olar ki, mövcud deyil. Çünki rəsmi Bakı səbri tükənərsə, həm Xankəndi və ətraf bölgədə, həm də Azərbaycan-Ermənistan sərhədlərində davamlı xarakter daşıyan erməni təxribatlarına sarsıdıcı hərbi zərbə ilə cavab verə bilər”.