İkili standartlara qarşı bu gün də mübarizə aparırıq

Ermənilər BMT tribunasından öz ambisiyaları üçün istifadə edirlər

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

   Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatının rəhbəri Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə müraciət ediblər. QHT sədrləri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında çalışan bir qrup erməninin Azərbaycana qarşı apardıqları nifrət zəminində fəaliyyətin qarşısının alınmasını istəyiblər. Vurğulanıb ki, BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəminində istifadə edən Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan yalnız Azərbaycanı deyil, bütün türk xalqlarını hədəf alırlar. Böhtan və təhqirlər səsləndirir, açıq şəkildə separatizmi təbliğ edirlər. BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Azərbaycan rəhbərliyinə hədyanlar yağdırırlar. Qurumun baş katibi Antonio Quterreşə göndərilən müraciətdə bildirilib ki, Azərbaycandakı vətəndaş cəmiyyəti təşkilatlarının BMT ilə uzun və səmərəli tərəfdaşlıq təcrübəsi var. Qurumun İnkişaf Proqramı ölkədə QHT prinsip və mexanizmlərinin tətbiqində mühüm rol oynayıb. Bəyanatda deyilib ki, çirkin əməllərlə məşğul olan ermənilərin sülhü humanizm təbliğ edən bir qurumda olması ağrıdıcıdır: “Bu şəxslər beynəlxalq mülki qulluqçuların bütün əsas prinsiplərinə və etik normalarına məhəl qoymurlar. Onların davranışı Birləşmiş Millətlər Təşkilatının prinsipləri və idealları üçün utancvericidir. Çoxsaylı müraciətlərə baxmayaraq, qurumun niyə bu çirkin davranışı dayandırmaq üçün tədbir görmədiyini anlamırıq. Üstəlik, həmin əməkdaşların bəziləri vəzifələrində yüksələrək hazırda “sülh və inkişafa” xidmət edirlər. Təbliğ etməyə borclu olduqları dəyərləri sarsıtdıqlarını nəzərə alsaq, bizim üçün maraqlıdır ki, görəsən bu şəxslər hansı təmsilçilik təklif edə bilərlər. BMT-də işləməyin vacib elementlərindən biri məsuliyyətlilik, hesabatlılıqdır. İnsanlar öz əməllərinə görə məsuliyyət daşımalıdılar. Sizdən xahiş edirik ki, Birləşmiş Millətlər Təşkilatının nüfuzunu Azərbaycanda qoruyasınız”. 

Tədbirdə çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli qeyd edib ki, manipulyativ hərəkətlərlə məşğul olan beynəlxalq QHT-lər bəzi ölkələri qərəzli şəkildə qaralamaqla məşğuldurlar, bəzilərini isə haqlı olmadığı halda ən demokratik ölkə kimi təqdim edirlər: 

“Bu sırada beynəlxalq QHT-lər də var. Onların fəaliyyəti müəyyən mənada anlaşılandır. Çünki müəyyən məsələlərə subyektiv yanaşa bilərlər. Amma təəssüf ki, biz belə qeyri-məqbul, ikili standartlarla yanaşmanı dövlətlərarası təşkilatların fəaliyyətində də müşahidə edirik. Bu yaxında bəlli oldu ki, bəzi dövlətlərarası təşkilatların əməkdaşları təşkilat səviyyəsində olmasa da, özlərinin fərdi sosial şəbəkə hesablarında Azərbaycan dövləti və rekvizitləri haqqında aşağılayıcı ifadələr işlədirlər. Düzdür, bunlar həmin təşkilatların mövqeyi və bəyanatı səviyyəsində deyil. Amma istənilən halda qurumun əməkdaşları olduqları üçün beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradırlar. Bu səbəbdən bizim QHT-lər təşəbbüs göstəriblər ki, həmin təşkilatlara adbaad müraciətlər göndərək”.

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, “QHT.az” sədrinin rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, hər bir beynəlxalq təşkilatın əsas məqsədi birmənalı olaraq həqiqəti müdafiə etmək olmalıdır. Amma son dövrlər bəzi beynəlxalq təşkilatlar bu prizmadan yanaşma nümayiş etdirmirlər. Mütəmadi olaraq Azərbaycan dövlətinə, Azərbaycan dövlətçilik ənənələrinə qarşı fərdi mövqelərindən çıxış edirlər. Onun sözlərinə görə, bəzi təşkilat təmsilçiləri sosial şəbəkələrdə öz şəxsi profillərində Azərbaycan dövlət rəmzlərinə qarşı sayğısızlıq edirlər: 

“Düşünürəm ki, beynəlxalq qurumlar buna qarşı adekvat münasibət bildirməlidir. Əgər hər hansı bir beynəlxalq təşkilat nümayəndəsi Azərbaycana qarşı təhqir işlədibsə, həmin şəxs dərhal təşkilat tərəfindən cəzalandırılmalıdırlar.

Bizim torpaqlarımız 30 ildir işğal altında idi və biz bu məsələ ilə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik. Lakin illərdir Azərbaycana qarşı ikili standartlarla yanaşıblar. Biz bu ikili standartlara qarşı bu gün də mübarizə aparırıq”.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Şərq”ə açıqlamasında bildirib ki, bir qrup erməni müxtəlif beynəlxalq təşkilatlarda öz missiyalarından sui-istifadə edirlər. Birlik rəhbəri qeyd edib ki, onlar adətən beynəlxalq qurumları özlərinə qalxan edərək Azərbaycana qarşı qara piar kampaniyasını həyata keçirirlər: “Ermənilərin qərəzli fəaliyyəti beynəlxalq münasibətlər etikasına, qlobal təşkilatların mandatına ziddir. Ermənilərin niyyəti bizə bəllidir və uzun illər düşmənçilik siyasəti həyata keçiriblər. Qısa zamanda buna son verəcəkləri inandırıcı deyil. Bizi təəssüfləndirən məqamlardan biri odur ki, nüfuzlu beynəlxalq qurumlar ermənilərin öz çirkin məqsədləri üçün təşkilatın adından sui-istifadə etməsinə göz yumur, bəzən isə buna şərait yaradırlar. O baxımdan belə qurumların Azərbaycan əleyhinə hansısa bəyanatını, müraciətini qəti şəkildə rədd edirik. Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən mediamız bu məsələdə həssas olmalıdır. Azərbaycan və Türkiyəyə qarşı açıq düşmənçilik edən ermənilərin BMT tribunasından öz ambisiyaları üçün istifadəsinə qətiyyən imkan verilməməlidir. Rəsmi Bakı diplomatik təmsilçilərimiz vasitəsi ilə BMT-nin müvafiq qurumlarına müraciət ünvanlamalıdır. Tələb etməliyik ki, qərəzli fəaliyyət sərgiləyən ermənilərin təşkilatda çalışmasına son verilsin”.